“Ödənişli qəbul tədricən ləğv olunmalıdır”
Nazirin sözlərinə görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda dövlət və özəl ali, orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil üzrə qəbul planın ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyən edilməsi nəzərdə tutulur.
Təhsil naziri həmçinin qeyd edib ki, keyfiyyətli təhsil vermə imkanlarına, maddi-texniki şəraitlərinə, elmi-pedaqoji heyətinin potensialına görə bütün ali ocaqları-istər dövlət, istər özəl iki qrupa bölünməlidir:
“Onlar adi və milli statuslu universitetlər olmalıdır. Dövlət sifarişi yalnız milli statuslu universitetlər arasında bölüşdürülməlidir. Eyni zamanda, buraya qəbul olmaq istəyən abituriyentlər üçün keçid balı yüksək olmalıdır. Adi universitetlərin keçid balı minimal səviyyədə saxlanılmalıdır. Eyni zamanda, ödənişli əsaslarla qəbul planı da tədricən ləğv olunmalıdır. Bu, baş verdikdə biz yüksək reytinqli məktəbləri orada oxuya bilən bilikli tələbə kontingenti ilə təmin edə biləcəyik. Digər tərəfdən, ancaq tələb olunan balı toplamadığı üçün xaricə təhsil almağa üz tutmağa ehtiyac qalmayacaq. Ali təhsil almaq istəyən və minimal tələbələrə cavab verən hər bir şəxs təhsilini vətənində adi universitetlərdə davam etdirmək imkanı qazanacaq. Qəbul göstəricilərindən asılı olaraq, ali məktəblər bir kateqoriyadan digərinə keçə biləcəklər”-deyə M.Cabbarov qeyd edib.
Sevinc İltifatqızı