İlham Əliyevin Türkiyəyə səfəri gözlənilir
“TANAP bizim ən vacib layihələrimizdən biridir. TANAP boru kəmərinin ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək. Mərasimdə Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı planlaşdırılır" - deyə nazir vurğulayıb.
O əlavə edib ki, tədbir Türkiyənin Ədirnə vilayətinin İpsala bölgəsində baş tutacaq.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb.
Bu il boru kəməri ilə 1,8 milyard kubmetrədək qaz nəq olunub. Türkiyə bu vaxtadək TANAP-la 3 milyard kubmetrdən çox Azərbaycan təbii qazı alıb. Cari ilin sonunadək isə bu həcm 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib. TANAP-ın səhmdarları layihə üzrə illik 1,45 milyard dollar gəlir əldə edəcəklər. Həmin gəlirin 58 faizi Azərbaycanın payına düşəcək.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: TANAP İlham-Əliyev Prezident