Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmır

 Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmır
  18 Noyabr 2019    Oxunub:2395
Gürcüstanda etiraz aksiyasının iştirakçıları deputatların parlament binasına daxil olmasına imkan vermirlər.
Azvision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ərazidə ilk dəfə “Gürcü arzusu” partiyasının deputatı Revaz Arveladze olub. Daha sonra hakim partiyanın Martvili dairəsindən seçilən deputatı Merab Kvaray və “Vətənpərvərlər Alyansı, Sosial Demokratlar” fraksiyasının üzvü Qia Jorjoliani gəlib.

"Parlamentə girmək üçün imkan olanda, mən sözsüz ki, gələcəyəm. Parlamentə girmək imkanım olmasa, onda Texniki Universitetin professoru olaraq gedib mühazirə oxuyacağam”, - Arveladze deyib.

Deputatlar etirazçılar tərəfindən ərazidən qovulub.

Daha əvvəl ombudsman Nino Lomcariya parlament binası qarşısındakı piketi qanunsuz adlandırsa da, seçki sisteminin dəyişdirilməsinin əleyhinə səs verən hakim partiyadakı deputatları qınayıb.

Qeyd edək ki, etiraz aksiyaları ötən cümə axşamından parlamentin Konstitusiyaya düzəlişləri qəbul edə bilməməsindən dərhal sonra başlayıb.

Etirazçılar proporsional seçki sistemi əsasında növbədənkənar parlament seçkilərinin keçirilməsini, həmçinin hökumətin istefasını, 20-21 iyun etiraz aksiyalarında iğtişaşlara görə tutulanların sərbəst buraxılmasını tələb edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Etiraz   Deputat   Parlament  





Xəbər lenti