Bakıda Yakov Xalipin əsərlərindən ibarət sərgi açılıb

Bakıda Yakov Xalipin əsərlərindən ibarət sərgi açılıb
  19 Noyabr 2019    Oxunub:2810
Noyabrın 18-də Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf, sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərlərindən ibarət “Avanqard davamçısı. Azərbaycan gündəliyi” adlı sərgi açılıb.
Azvision.az xəbər verir ki, Bakıda ilk dəfə keçirilən bu sərgi Moskvadakı Lümyer qardaşları adına Fotoqrafiya Mərkəzi ilə birgə təşkil olunur.

Tədbirdə çıxış edən jurnalist, tərcüməçi, fotoqrafın oğlu, onun arxivinin varisi Nikolay Xalip sərgidən böyük zövq aldığını söyləyib. Qeyd edib ki, Heydər Əliyev Mərkəzi möhtəşəm bir məkandır. O, sərginin açılması ideyasını alqışlayıb və təşkilatçılara öz dərin minnətdarlığını bildirib. “Ümid edirəm ki, ziyarətçilər də sərgidən mənim qədər zövq alacaqlar”, - deyə N.Xalip bildirib.

Ekspozisiyada müəllifin 1930-1960-cı illərdə çəkdiyi 100-dən çox ən maraqlı fotolarından ibarət kolleksiyası təqdim edilib.

Sərgidə Yakov Xalipin sovet fotoqrafiya sənətinin klassikası sayılan işlərı ilə yanaşı, müəllifin Azərbaycanda çəkdiyi fotoları da ilk dəfə nümayiş olunub.

Ekspozisiyada Yakov Xalipin sovet fotoqrafiyasının “qızıl fond”una daxil olan işləri, həmkarı və müəllimi Aleksandr Rodçenko ilə birlikdə çəkdiyi fotolar, jurnallar üçün olan əsərləri və s. yer alıb. Sərgidə Yakov Xalipin qəhrəman papaninçilərin “Şimal Qütbü-1” Arktik stansiyasından xilas edilməsi üzrə ekspedisiyadan, şair Konstantin Simonovla birlikdə keçdiyi Böyük Vətən müharibəsi illərindən, Sovet İttifaqında və digər ölkələrdə müharibədən sonrakı dövrü əhatə edən fotoreportajları da nümayiş olunub.

Heydər Əliyev Mərkəzindəki sərgidə, həmçinin Yakov Xalipin ailəsinə aid olan arxivdən eksponatlar yer alıb. Eyni zamanda, fotoqrafa aid müxtəlif sənədlər, teleqramlar, 1930-cu illərə aid açıqcalar, Yakov Xalipin fotoşəkillərinin olduğu nadir kitablar, jurnallar, fotoqrafın yaratdığı tematik albomlar, üzərində çalışdığı kitablar və s. təqdim edilib.

Sərgi 2020-ci il martın 29-dək davam edəcək.

Azvision.az


Teqlər: YakovXalip   Sərgi  





Xəbər lenti