BDU-nun 100 illik yubileyi AzTU-da qeyd edildi

BDU-nun 100 illik yubileyi AzTU-da qeyd edildi
  20 Noyabr 2019    Oxunub:2238
Noyabrın 19-da Azərbaycan Texniki Universitetində (AzTU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı əsasında bu ali təhsil ocağının yubiley tədbirləri həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edilir. Növbəti belə tədbir Azərbaycan Texniki Universitetində keçirilib.

Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Yubiley tədbiri BDU-nun 50 illiyi münasibətilə yazılan “Tələbəlik illəri” mahnısının səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev qonaqları salamladıqdan sonra BDU-nun keçdiyi tarixi yol barədə məlumat verib. Rektor Bakı Dövlət Universitetinin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan da danışıb. BDU-nun böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetirdiyini deyən Vilayət Vəliyev bu ali təhsil ocağının ən böyük məzununun ulu öndər Heydər Əliyev olduğunu xüsusi vurğulayıb və onun bu ali təhsil ocağının məzunu olması ilə həmişə fəxr etdiyini bildirib. Ümummilli lider Heydər Əliyev bu ali təhsil ocağının rolunu və əhəmiyyətini yüksək qiymətləndirib, BDU-nu Azərbaycan xalqının milli sərvəti adlandırıb.

Rektor çıxışında özünün də BDU-nun məzunu olduğunu xatırladıb. Qeyd edib ki, hazırda AzTU-nun professor-müəllim heyətinin 163 nəfəri məhz BDU-nun məzunudur. Rektor BDU-nun inkişafının yeni mərhələsinin Prezident İlham Əliyevin adı ilə bilavasitə bağlı olduğunu xüsusi vurğulayıb. Yubiley tədbirinin AzTU ilə BDU arasında əməkdaşlığın genişləndirilməsi üçün qarşıya müəyyən vəzifələr qoyacağını qeyd edib.

Daha sonra çıxış edən BDU-nun rektoru Elçin Babayev yubiley tədbirinin təşkilinə görə AzTU-nun rektoru Vilayət Vəliyevə təşəkkür edib. Rektor BDU-nun keçdiyi 100 illik şərəfli yoldan danışıb. Elçin Babayev Prezident İlham Əliyevin BDU ilə bağlı imzaladığı mühüm sərəncamları diqqətə çatdırıb. Bildirib ki, universitetin 100 illik yubileyinin Parisdə qeyd olunması Azərbaycan təhsilinə və elminə verilən böyük diqqətdir. Rektor BDU ilə AzTU arasında əməkdaşlığın yeni mərhələsinin əsasının qoyulduğunu da diqqətə çatdırıb.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və AzTU-nun “Kimya” kafedrasının müdiri Elman Məmmədov BDU-nun Azərbaycan təhsilinə və elminə verdiyi töhfələrdən söz açıblar.

Tədbirdə AzTU-da çalışan və Bakı Dövlət Universitetinin məzunu olmuş professor və müəllimlər adından BDU-nun rektoruna xatirə hədiyyəsi təqdim olunub.



Teqlər:





Xəbər lenti