Fransa-Azərbaycan kollokviumu keçirildi

Fransa-Azərbaycan kollokviumu keçirildi
  15 Dekabr 2013    Oxunub:1003
Parisdə Azərbaycanda dünyəvilik modelinə həsr olunan kollokvium keçirildi.
AzVision.az xəbər verir ki, bu gün Fransa Milli Assambleyasının Lamartin zalında Fransa-Azərbaycan dostluq qrupunun, Avropa-Azərbaycan Cəmiyyətinin və Bordo Müsəlman Dünyasının Araşdırma və Tanıtım İnstitutunun təşkilatçılığı ilə “Fransa-Azərbaycan dünyəvi səyahətlər: Müstəsna, yoxsa universal nümunələr?” mövzusunda kollokvium keçirildi.

Tədbirin açılışında çıxış edən Müsəlman Dünyasının Araşdırma və Tanıtım İnstitutunun katibi Hadc Seddak, Avropa-Azərbaycan Cəmiyyətinin nümayəndəsi Roman Huna və Milli Assambleyanın deputatı, Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Mariani dünyəviliyi şərtləndirən əsas amillərdən, onun ictimai həyatın bütün sahələrində özünü büruzə verməsindən danııb, Azərbaycanı dünyəvi dövlət olaraq dini tolerantlıq sahəsində nümunəvi bir ölkə kimi dəyərləndirib.

Çıxışlarda Azərbaycanda müxtəlif etnik qrupların dilinə, dininə və mədəniyyətinə hörmətlə yanaşıldığı və onların inkişafına dövlət tərəfindən hər cür qayğı göstərildiyi diqqətə çatdırıldı.

Tədbirin “Dünyada və Fransada dünyəvilik təzahürləri” adlı hissəsində dünyəvilik Observaturasının prezidenti Jan-Lui Bianco, sosioloq və tarixçi Jan Bobero dünyəviliyin nəzəri əsaslarından, tarixi köklərindən, demokratik dəyərlərin əsas təcəssümü olmasından söhbət açmış, onun bir proses kimi müxtəlif xalqların nümayəndələrinin yaşadıqları ölkələrdə daha çox özünü büruzə verdiyini qeyd etmiş, Azərbaycanda tolerantlığın və dünyəviliyin yalnız Şərq ölkələri üçün deyil, eyni zamanda, Qərbin inkişaf etmiş bir çox başqa dövlətləri üçün də bariz nümunə olduğunu vurğulayıblar.

Toplantının “Dünyəviliyin Azərbaycan modeli” adlı ikinci hissəsində Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova qədim və zəngin tarixə malik Azərbaycanın bəşəri sivilizasiyanın beşiyi olduğunu söylədi. O, beş min illik dövlətçilik tarixi olan Azərbaycanda müsəlman Şərqində ilk demokratik respublika yarandığını diqqətə çatdırıldı.

SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycanda 1995-ci ildə keçirilən referendum zamanı ilk Konstitusiyasının qəbul edildiyini vurğulayan N.Hüseynova Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etmiş, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin sülh şəraitində yaşadıqlarını bildirib.

Azərbaycanda müxtəlif etnik qrupların yaşadığına diqqəti cəlb edən müşavir azlıq təşkil edən xalqların nümayəndələrinin azərbaycanlılarla eyni hüquqa və səlahiyyətə malik olduqlarını, ölkə Konstitusiyasının dini etiqadından, dinindən və dilindən asılı olmayaraq hər bir vətəndaşın azadlığının əsas təminatçısı olduğunu, dillərini, dinlərini və mədəniyyətlərini, adət-ənənələrini inkişaf etdirməkdə onlara hər cür şərait yaradıldığını qeyd edib.

Müxtəlif ölkələrlə həmsərhəd olan Azərbaycanın dünyəvi dövlət olmasından bəhs edən N.Hüseynova Azərbaycanda xüsusi dünyəvilik modelinin olduğunu, ölkəmizin dinlərarası və mədəniyyətlərarası beynəlxalq dialoqun mərkəzinə çevrildiyini bildirib.

Bordo şəhər məscidinin rəhbəri Tareq Ubru Fransa ilə müqayisədə Azərbaycanda dünyəviliyin daha çox bərqərar olduğunu qeyd edib.

Fransa Yəhudi İcmalarının Təmsilçilik Şurası İdarə Heyətinin üzvü Jan-Pyer Allali ölkəmizə səfəri çərçivəsində yəhudilərin daha kompakt yaşadığı Quba rayonuna baş çəkdiyini xatırladıb, Azərbaycanda digər etnik qruplarla yanaşı, yəhudilərə yaradılan şəraitin onda böyük təəssürat oyatdığını qeyd edib.

Azərbaycanın dünyəviliyin beşiyi olmasına diqqəti cəlb edən Jan-Pyer Allali ölkəmizdə dini ayrı-seçkiliyə yol verilmədiyini, respublikamızın tolerantlıq və dünyəvilik nümunəsi olduğunu, ölkədə rusların, gürcülərin, ləzgilərin, talışların, kürdlərin, yəhudilərin və digər etnik azlıqların azərbaycanlılarla mehriban və dostluq şəraitində yaşadıqlarını, yəhudi uşaqların azərbaycanlı uşaqlarla bir məktəbdə oxuduqlarını vurğulayıb, məscidlərlə bərabər kilsələrin və sinaqoqların dövlət tərəfindən himayə edildiyini diqqətə çatdırıldı.

J.P.Allali Bakıda, Qubada və Oğuzda çoxlu sayda sinaqoqların olduğunu vurğulamış, yəhudi məktəbinə baş çəkdiyini xatırlatmış, yəhudilərin azərbaycanlılar kimi bütün imtiyazlardan istifadə etdiklərini bildirərək, ölkəmizdə tolerantlığın və dünyəviliyin digər dövlətlərə əsl nümunə olduğunu qeyd edib.

Sonda iştirakçıların ölkəmizdə tolerantlıq və dünyəviliklə bağlı suallarına cavab verilmişdir.
Müxtəlif ekspertlərin, tanınmış siyasətçilərin, tarixçi alimlərin, din xadimlərinin, sosioloqların, universitet müəllimlərinin, diplomatik korpusun nümayəndələrinin və tələbələrimizin iştirak etdikləri tədbirdə “Azərbaycanda dini tolerantlığın və dünyəviliyin tarixi” sənədli filmi nümayiş etdirildi.


Teqlər:





Xəbər lenti