Azərbaycanın ilk Dəmir Yolu Muzeyi - FOTOREPORTAJ

Azərbaycanın ilk Dəmir Yolu Muzeyi -  FOTOREPORTAJ
  21 Noyabr 2019    Oxunub:9328
Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu sahəsinin təntənəli açılış mərasimi 6 iyul 1926-cı ildə baş tutub. Köhnə Sabunçu Vağzalı adlandırılan həmin tarixi binada Azərbaycanın Dəmir Yolu Muzeyi yaradılıb. Son 2 ildə həmin binada restavrasiya işləri aparılıb
Azvision.az xəbər verir ki, Dəmir Yolu Muzeyində ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar sərgilənir.



Muzeyin 3 sərgi zalı var. Birinci sərgi zalında XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən arxiv foto və video materiallar, maraqlı eksponatlar, dəmir yolu və qatar modelləri yer alır. İkinci zalda 20-ci əsrdə dəmir yolunda gedən inkişaf prosesini görmək mümkündür. Üçüncü zalda isə dəmir yolu qatarlarının modelləri, müxtəlif dövrlərə məxsus sərnişin obrazlarının maketləri nümayiş olunur.



Perronda hazırlanan zalda qatara çıxış şüşə ilə bağlanıb. Şüşə arxasında tarixi dəmir yolu xəttinin bərpa olunmuş modeli görünür. Zalda dəmir yolu nəqliyyatına aid 2 maket, 2 film zalı var. Bu film zallarından biri bədii, digəri sənədli filmlərin nümayişi üçün nəzərdə tutulub. Birinci mərtəbədə yerləşən kinozalda sənədli filmlər, tarixi xronikalar, dəmir yollarının inkişafına töhfə verən mühəndislər və insanlar barəsində bioqrafik filmlər nümayiş olunur. İkinci mərtəbədə yerləşən kinozalda dəmir yollarının, qatarların və dəmir yolu vağzallarının estetikası və möcüzəsi ilə dolu bədii filmlər nümayiş edilir.



Muzeydə suvenirlərin satışını həyata keçirən mağaza da mövcuddur. Həmçinin, məkanda dəmir yolu tarixini mühüm məqamlarını əks etdirən foto və yazılı materiallar təqdim olunur. Burada Birinci və İkinci Dünya Müharibəsində dəmir yolunun rolu ilə bağlı maraqlı faktlar və məlumatlarla tanış olmaq mümkündür.



Zaqafqaziya dəmir yolunun tarixi xəritəsi muzeyin nadir eksponatlarındandır. Muzeyin əsas zalında isə 1885-ci ildən 1964-cü ilədək dəmiryolçuların geyindiyi uniformaları görmək olar.

Qeyd edək ki, noyabrın 19-da Prezident İlham Əliyev Dəmir Yolu Muzeyi ilə tanış olub.









































Aytən Zəhra
Foto Şahin Sərdarov

Azvision.az


Teqlər: ADY   Muzey  





Xəbər lenti