Azərbaycan-Rusiya Regionlararası Forumu işə başlayır

Azərbaycan-Rusiya Regionlararası Forumu işə başlayır
  22 Noyabr 2019    Oxunub:2563
Bu gün Moskvada 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.
Azvision.az xəbər verir ki, forum Rusiya-Azərbaycan əməkdaşlığının əsas platformalarından biridir. Burada iki ölkənin əməkdaşlığının geniş spektri - ticari-iqtisadi, ticari- sənaye layihələrindən tutmuş, mədəniyyət, turizm və təhsil sahələrində qarşılıqlı fəaliyyət əhatə olunub.

İki dövlətin liderləri İlham Əliyev və Vladimir Putin regionlararası foruma ən yüksək səviyyədə görüşmək və müzakirələr üçün əlavə bir imkan kimi deyil, ilk növbədə regionlar arasında çoxvektorlu əməkdaşlıq potensialını ortaya çıxarmaq və problemləri yerində həll etmək baxımından xüsusi diqqət yetirirlər.

Ötən il forum Bakıda keçirilib və orada Rusiya və Azərbaycan liderləri iştirak ediblər. Bu il Moskva foruma ev sahibliyi edir.

Forum iki gün davam edəcək. Rəsmi açılışı Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov edəcək.

Forumda iki ölkənin müvafiq nazirliklərinin və dövlət qurumlarının rəhbərləri və nümayəndələri, habelə Rusiyanın aparıcı şirkətləri, bölgə rəhbərləri iştirak edəcəklər.

Rusiya mətbuatının yazdığına görə, birinci gün - noyabrın 22-də Azərbaycan - Rusiya işgüzar şurasının geniş iclası, həmçinin sənaye, turizm, kənd təsərrüfatı, humanitar sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirə ediləcəyi dörd dəyirmi masa planlaşdırılır.

Noyabrın 23-də forumda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak edəcək. Onların iştirakı ilə şənbə günü plenar iclas keçiriləcək və bərpadan sonra "Azərbaycan" pavilyonunun açılışı olacaq.

Qeyd edək ki, pavilyonun bərpa işləri üç il ərzində Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib. Azərbaycan pavilyonu 1939-cu ildə memarlar Sadıx Dadaşov və Mikayıl Usynov tərəfindən inşa edilib.

Bərpadan sonra pavilyonda Azərbaycanın milli ornamentləri və motivləri əks olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Forum  





Xəbər lenti