36 milyonluq Samur körpüsü dekabrda istifadəyə veriləcək

 36 milyonluq Samur körpüsü dekabrda istifadəyə veriləcək
  22 Noyabr 2019    Oxunub:3264
Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində inşa edilən yeni körpünün bu ilin dekabr ayının ortalarında istismara verilməsi planlaşdırılır.
Azvision.az xəbər verir ki, bunu Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin mətbuata müsahibəsində deyib. O bildirib ki, körpünün tikintisi barədə sazişin icrasına 2017-ci ildən başlanılıb, hazırda tərəflər finiş xəttinə çatıblar:

"Körpünün istifadəyə verilməsi 2019-cu ilin dekabr ayının ortalarına planlaşdırılır".

Oreşkin Samur çayı üzərindəki körpünün Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin vacib hissəsi olduğunu və buna görə də Rusiya üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

"Ekspertlərin hesablamalarına görə, Azərbaycan ərazisi ilə yerüstü yük tranziti orta müddətdə 7 milyon tona yaxınlaşa bilər və daha uzun müddətdə 13 milyon tondan çox ola bilər. Üstəlik, tranzitin böyük hissəsi Hindistana və İrana gələn Rusiya yükləri hesabına formalaşacaqdır. Gələcəkdə bəlkə də Cənub və Cənub-Şərqi Asiya, Körfəz dövlətləri haqqında danışacağıq ",- deyə rusiyalı nazir sözlərinə əlavə edib.

Qeyd edək ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü ilin sentyabr ayının 13-də imzalanıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş tikilini əvəzləyəcək. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir. Körpü üç zolaqdan ibarət olacaq.

Azərbaycan Respublikasının hökuməti və Rusiya Federasiyasının hökuməti arasında Samur buraxılış məntəqəsi (Azərbaycan Respublikası) və Yaraq-Qazmalar buraxılış məntəqəsi (Rusiya Federasiyası) ərazisində Samur çayı üzərindən körpünün inşası haqda Sazişə dəyişikliklər edilməsinə dair Protokol da imzalanıb.

Layihənin dəyəri 36.5 milyon manat (təxminən 21.5 milyon dollar) təşkil edir. Rusiya və Azərbaycan tikintini bərabər şəkildə maliyyələşdirir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Samur   Körpü   Rusiya  





Xəbər lenti