Premyer Liqada qış çempionu müəyyənləşdi

 Premyer Liqada qış çempionu müəyyənləşdi
  24 Noyabr 2019    Oxunub:3386
Futbol üzrə Azərbaycan Premyer Liqasında qış çempionu müəyyənləşib.
Azvision.az -ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qış fasiləsinə iki tur qalmış “Qarabağ”ın liderliyi əldən verməyəcəyi dəqiqləşib. Bu, XII turun görüşlərindən sonra rəsmiləşib.

Ağdam klubu səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzsa da, bu turadək komandanın ən yaxın izləyicisi “Keşlə” də məğlub olub. Bakılılar səfərdə “Zirə”yə 1:3 hesabı ilə yenilib. Nəticədə fasiləyə iki tur qalmış 8 xallıq fərq dəyişməz qalıb. Düzdür, son turda “Qəbələ”yə qalib gələrək (4:1) ikinciliyi ələ keçirən “Neftçi” xal hesabında “Qarabağ”a çatmaq imkanına malikdir. Lakin şəxsi oyunlarda (2:0, 0:0) üstün olan “köhlən atlar” 2019-cu ili zirvədə başa vuracağını rəsmiləşdirib. Bu, “Qarabağ”ın tarixində 7-ci qış çempionluğudur.

Ağdamlılar 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20 mövsümlərində ili lider kimi başa vurub. Rekord isə “Neftçi”yə məxsusdur. Bakılılar 8 dəfə (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19) yeni ili lider kimi qarşılayıb. “Kəpəz” (1993/94, 1997/98, 1998/99) və “İnter” adlandığı vaxt indiki “Keşlə” (2008/09, 2009/10, 2012/13) hərəyə üç dəfə qış çempionu olub. Digər 5 komandanın bir belə uğuru var: “Xəzri” (1995/96) “Şəmkir” (1999/2000), “Karvan” (2005/06), “Xəzər Lənkəran” (2006/07), “Olimpik” (2007/08). Qeyd edək ki, ilk iki mövsümdə - 1992 və 1993 mövsümlərində qış çempionu olmayıb.

Azvision.az


Teqlər: Premyer-Liqa   Qaraba]   Çempion  





Xəbər lenti