Ermənistanda qazın qiyməti artacaq

Ermənistanda qazın qiyməti artacaq
  25 Noyabr 2019    Oxunub:1867
“Ermənistan üçün qaz tarifinin qaldırılması qaçılmazdır. Nikol Paşinyanın verdiyi bəyanat kontekstindən açıq şəkildə görünür ki, 2020-ci il aprelin 1-dən etibarən qazın qiymətləri artacaq”.
Azvision.az xəbər verir ki, bunu “tert.am”a müsahibəsində enerji təhlükəsizliyi məsələləri üzrə ekspert Vahe Davtyan deyib. Onun sözlərinə görə, sərhəddə qazın bahalaşması təqribən 20%, əhali üçün isə 7% ola bilər.

"Lakin qazın qiymətlərinin artması elektrik enerjisinin son tarifinin formalaşmasına da təsir göstərir, həm də bu, dolayısı ilə iqtisadiyyatın müxtəlif sahələrində sabitliyə təsir edəcəkdir. İndi qışdır, əhali daha çox qaz istehlak edir, ona görə də müvəqqəti olaraq qiymət stabil saxlanacaq”, - deyə Davtyan bildirib.

Onun sözlərinə görə, hazırda qazın qiymətinin yanvarın 1-dən qaldırılmaması ilə bağlı siyasi qərar var, ancaq bu, çox qısa müddətlidir.

“Həm qlobal enerji bazarında, həm də Rusiya qaz bazarında baş verən makroiqtisadi prosesləri nəzərə alsaq, bu məsələni yalnız iqtisadi məntiqlə nəzərdən keçirsək, Ermənistan üçün qaz qiymətinin artması qaçılmazdır. Burada, bəlkə də, bir daha enerji diplomatiyasının alətlərindən istifadə etmədiyimiz qənaətinə gələ bilərik”, - deyə erməni ekspert əlavə edib.

Davtyan Rusiya ilə danışıqların bir ilə yaxındır davam etdiyini, lakin hər hansı yekun nəticə olmadığını deyib:

“Paşinyanın açıqlamasına rəğmən, 2020-ci ilin aprelin 1-dən etibarən qazın qiymətində artım olacağının əlamətlərini görürük. Düşünürəm ki, qiymət artımı təqribən 20% ola bilər. Aydındır ki, hətta sərhəddəki indiki qiymət Ermənistanın iqtisadi fəallığını azaldır və iqtisadi artımı təmin etmək üçün stimul ola bilməz".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Qaz  





Xəbər lenti