Bakıda Tanqo Festivalı keçiriləcək

Bakıda Tanqo Festivalı keçiriləcək
  25 Noyabr 2019    Oxunub:3080
Argentinanın Azərbaycandakı səfirliyi 28 noyabr – 1 dekabr tarixlərində üçüncü Beynəlxalq Bakı Tanqo Festivalı keçirəcək.
Azvision.az səfirlikdən verilən məlumata görə, festival “United Cultures”, “The Landmark Baku”, Bakı Metropoliteni, Nizami Kino Mərkəzi ilə birgə, Mədəniyyət Nazirliyi, ADA Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, NESS Company, IN Tango Baku, Tango On, El Club de Tango və bir sıra digər qrumların dəstəyi və təşkilatçılığı ilə baş tutacaq.

Nüfuzlu rəqqasların çıxış edəcəkləri festivala xüsusi qonaq qismində Argentinanın 2019 Dünya və Avropa çempionları Aqustina Piyacco və Maksim Gerasimov (Argentina/Rusiya), Xulio Saavedra və Tekla Qoqriçyani (Argentina/Gürcüstan), Yakof Şonski və Maryam Rossa (Gürcüstan), Sesilia Akosta və Levan Qomelauri (Argentina/Gürcüstan) qatılacaqlar. Onlar rəqs elementlərinin zərifliyi ilə hər kəsi heyran edəcəklər.

Festivalda, həmçinin musiqiçi Viktor Hüqo Villena və Lautaro Tisseranı da görə biləcəksiniz. Argentinada təhsil almış bandoneon ifaçısı Viktor Hüqo Vilena dövrün ən yaxşı bandoneonistlərindən biri hesab olunur. Lautaro Tissera isə müasir Argentina tanqosunda ən görkəmli gitara ifaçılarından biridir.

Festivalın ən vacib tədbiri bütün beynəlxalq sənətçilərin səhnədə ifa və rəqs edəcəyi Nizami Kinoteatrının Böyük Zalında şənbə günü keçiriləcək Qala şoudur.

Qala şoudan sonra rəqs səhnəsi sərbəst tanqo üçün tamaşaçıların ixtiyarına veriləcək və hər kəs Argentinanın tanqo ruhunu hiss edə biləcək. Festival çərçivəsində, həmçinin tanqo dərsləri, tanqonun tarixi ilə bağlı konfrans, musiqiçilər üçün master-klasslar və sənədli film olacaq.

Festivalın məqsədi Argentina mədəniyyəti və musiqisini tanıtmaq və iştirakçıları yeni sənətçilər, rəqqaslar, ritmlər kəşf etməyə dəvət etməkdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tanqo   Festival  





Xəbər lenti