Akademik Arif Paşayev təltif edildi

  25 Noyabr 2019    Oxunub : 1392
Akademik Arif Paşayev təltif edildi
Ukraynanın N.Y.Jukovski adına Milli Aerokosmik Universitetinin Xarkov Aviasiya İnstitutunun rektoru, professor Nikolay Neçiporuk, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, “Azərbaycan Hava Yolları” QSC və “Silk Way” aviaşirkətinin prezidentlərinin müşaviri, akademik Dmitri Kiva, eləcə də universitetin və səfirliyin bir qrup nümayəndəsi "Azərbaycan Hava Yolları" QSC-nin nəzdindəki Milli Aviasiya Akademiyasında (MAA) olublar.
“Azərbaycan Hava Yolları”dan Azvision.az -a verilən məlumata görə, səfər zamanı qonaqlar QSC-nin prezidenti Cahangir Əsgərovla və Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevlə görüşüblər.

Məlumata əsasən, görüş zamanı Ukrayna Milli Aerokosmik Universitetinin və Azərbaycan Milli Aviasiya Akademiyasının elm və təhsil sahələrində həyata keçirdikləri inkişaf strategiyasının aktual məsələləri, eləcə də tədris müəssisələri arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Görüşdə professor Nikolay Neçiporuk Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevə N.Y.Jukovski adına Ukrayna Milli Aerokosmik Universitetinin Xarkov Aviasiya İnstitutunun “Fəxri elmlər doktoru” və “Fəxri professor” attestatlarını təqdim edib.



Nikolay Neçiporuk bu fəxri adların Ukrayna Milli Aerokosmik Universitetinin Elmi Şurasının müvafiq qərarları əsasında MAA-nın rektoru akademik Arif Paşayevə elmin və təhsilin inkişafına verdiyi töhfəyə, aviasiya texnikasının diaqnostikasında müasir metod və vasitələrin tətbiq olunmasına, aerokosmik sahə üçün mütəxəssis hazırlığında görülən işlərə görə verildiyini qeyd edib.

Görüş zamanı həmçinin Ukrayna Milli Aerokosmik Universiteti və Azərbaycan Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sonra ukraynalı qonaqlar Azərbaycan Milli Aviasiya Akademiyasının infrastrukturu, elmi-praktik və tədris-təcrübə bazası ilə tanış olmuş, müəllim və tələbələri ilə görüşüblər.

Azvision.az

Teqlər: Akademik   Arif-Paşayev