Nazirlik yeni layihəyə başlayır

  27 Noyabr 2019    Oxunub : 1128
Nazirlik yeni layihəyə başlayır
Gənclər və İdman Nazirliyi dekabrın 1-dən “YERLİ” Kənd Gənclərinin İnkişafına Dəstək Layihəsini həyata keçirəcək.
Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın Azvision.az -a verdiyi məlumata görə, layihənin əsas məqsədi kəndlərdə yaşayan gənclərə yeni biliklərin verilməsi, onların bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda, sosial və biznes layihələrinin dəstəklənməsi ilə yerli şəraitdə məşğulluğun təmin edilməsi və yerli gənclər icmalarının yaradılmasıdır.

Əsas hədəflər isə dövlətin müvafiq istiqamətlər üzrə siyasətinin mahiyyəti barədə kənd gənclərinin məlumatlandırılması, kənd gənclərinin icma şəkilində inkişafına və sosiallaşmasına sistemli dəstəyin göstərilməsi üçün yeni təsir alətlərinin tətbiq edilməsi, kənd gəncləri arasında qeyri-formal təhsilin inkişaf etdirilməsi ilə yeniliklər etməyi bacaran gənclər üçün şərait və imkanların yaradılması, kənd gənclərinin beynəlxalq gənclər hərəkatına inteqrasiya olunması üçün analoji gənclər platformaları ilə əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Ümumilikdə layihə kənd gənclərinin fərdi və peşəkar inkişafına, eyni zamanda, onların təşəbbüslərinin dəstəklənməsinə yönəlmiş yeni və fərqli platformadır.

Layihənin həyata keçirilməsi ilə bağlı əlaqələndirməni təmin etmək məqsədilə, Gənclər və İdman Nazirliyində dövlət orqanlarının, gənclər təşkilatlarının nümayəndləri və ictimai fəal gənclərdən ibarət işçi qrup formalaşdırılacaq. İşçi qrup təşkilati məsələlərin və cari işlərin həlli ilə məşğul olacaq.

Əsas komponentlər rayon və şəhərlərin, kəndlərin müəyyən edilməsi, fərdi ünsiyyət əsasında layihə iştirakçılarının seçilməsi, təlimçi və mentor komandasının formalaşdırılması, iştirakçılar üçün təlim, seminar və görüşlərin keçirilməsi, gənclər icmasının yaradılması, təşəbbüslərin (layihələrin) qiymətləndirilməsi və dəstəklənməsi, qiymətləndirmənin aparılması və yekun hesabat tədbirinin keçirilməsidir.

Qeyd edək ki, layihə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 4.5-ci məqsədinin (Gənclərin potensialının və idmanın inkişaf etdirilməsi) alt-məqsəd üzrə 3-cü (Ucqar və kənd yerlərində yaşayan gənclər üçün məlumat-məsləhət xidmətləri şəbəkəsinin genişləndirilməsi) fəaliyyət istiqamətinin, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.8-ci yarımbəndinin (Kəndlərdə yaşayan gənclərin ictimai həyatda daha fəal iştirakının təşviq edilməsi) və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 9.3.3-cü yarımbəndinin (Kəndin sosial-ictimai həyatında qadınların və gənclərin fəal iştirakının təmin edilməsi) icraları nəzərdə tutur.

Azvision.az

Teqlər: Gənclik