ATƏT PA sədri Qarabağ münaqişəsi tərəflərinə çağırış edib

ATƏT PA sədri Qarabağ münaqişəsi tərəflərinə çağırış edib
  27 Noyabr 2019    Oxunub:2923
ATƏT Parlament Assambleyasının prezidenti George Tsereteli İrəvana səfəri zamanı keçirdiyi rəsmi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə ATƏT PA rəhbərinin səfərinin yekunu ilə bağlı açıqlamasında deyilir.

Bildirilir ki, İrəvandakı görüşlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması vəziyyətini müzakirə etmək və bu kontekstdə parlament diplomatiyasının əlavə dəyərini qiymətləndirmək üçün bir fürsət yaradıb.

"Bütün həmsöhbətlər daha geniş regional əməkdaşlığa şərait yaradan qarşılıqlı etimadın qurulması zəruriliyi barədə razılığa gəldilər. ATƏT Parlament Assambleyasının işi çox hallarda mövcud ATƏT mexanizmlərinə faydalı bir əlavədir, münaqişədə vasitəçilik və nizamlanma məsələsinə gəldikdə, qətiyyətlə inanıram ki, parlamentarilər sülhə zəmin hazırlamaq üçün ideal yerdədirlər", -deyə Tsereteli əlavə edib.

Onun fikrincə, danışıqlar Minsk Qrupu həmsədrləri vasitəsi ilə aparılmalı olsa da, ATƏT parlamentarilərinin xoş istəkləri də prosesin irəliləməsinə kömək edə bilər.

ATƏT PA-nın Minsk Qrupu həmsədrlərinin işini dəstəklədiyini vurğulayan Tsereteli, konkret irəliləyiş üçün məsuliyyətin sonda tərəflərin siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb və tərəfləri zərərli ictimai açıqlamalardan imtina etməyə çağırıb.

Xatırladaq ki, ATƏT PA sədri İrəvanda baş nazir Nikol Paşinyan, parlament sədri Ararat Mirzoyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan və deputatlarla görüşüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏTPA   Həmsədrlər   Qarabağ  





Xəbər lenti