Çexiya Prezidenti general Vlasovu vətən xaini adlandırdı

  29 Noyabr 2019    Oxunub : 1191
 Çexiya Prezidenti general Vlasovu vətən xaini adlandırdı
Çexiya general Andrey Vlasov və tərəfdarlarının vətən xaini olduqlarını unutmamalıdır.

Azvision.az xəbər verir ki, bu barədə Çexiya Prezidenti Miloş Zeman bəyan edib. Zeman Vlasov və tərəfdarlarını ikiüzlü adlandırıb. Onun sözlərinə görə, Praqanın nasistlərdən azad edilməsinə kömək etmələrinə baxmayaraq, onlar vətən xainidirlər.
"Sual yaranır: Vlasovistlərin bir neçə gün yaxşı davrandıqlarına görə, xəyanətlərini unutmaq mümkündürmü? Düşünürəm ki, bunu unutmaq lazım deyil ", - deyə Çexiya Prezidenti əlavə edib.

Bundan əvvəl, Rusiya səfirliyi Çexiyada Andrey Vlasova abidə qoyulması ilə bu ölkənin İnsanlığa qarşı Cinayətlərə dair Konvensiya üzrə öhdəliklərini pozacağı barədə xəbərdarlıq edib. Rusiya Xarici İşlər Nazirliyində xatirə lövhəsinin qurulması təşəbbüsü nasizmin canlandırılması istiqamətində atılmış addım kimi dəyərləndirilib.

Xatırladaq ki, Praqa qiyamı 1945-ci il mayın 5-dən 8-dək baş verən kortəbii anti-Hitler üsyanıdır. Orada general-mayor Sergey Bunyaçenkonun komandanlığı altında Rusiya Azadlıq Ordusunun 1-ci Piyada Diviziyası iştirak edib. Üsyan almanların tərəfində qalmağı üstün tutan və şəhərin azad edilməsində iştirak etməyən Bunyaçenko ilə Vlasov arasında qarşıdurmaya səbəb olub.

Sovet hərbçisi Andrey Vlasov Moskva uğrunda döyüşün iştirakçısıdır. 1942-ci ildə əsir düşən general almanlarla əməkdaşlığa gedib. 1946-cı ildə dövlətə xəyanətdə ittiham edilərək edam olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Çexiya   General   Vlasov