“Cəfər Cabbarlı həftəsi”ndə daha bir tamaşa

“Cəfər Cabbarlı həftəsi”ndə daha bir tamaşa
  29 Noyabr 2019    Oxunub:2970
"Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" ölkə başçısının müvafiq sərəncamının icrası ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən “Cəfər Cabbarlı həftəsi” davam edir.
Azvision.az -ın məlumatına görə, yubiley münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Dövlət Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” tamaşaları dövlət sifarişi ilə hazırlanıb. Noyabrın 23-də başlanan həftə çərçivəsində sözügedən tamaşalar Bakı şəhərində sənətsevərlərə nümayiş olunur.

Noyabrın 28-də Akademik Rus Dram Teatrının səhnəsində Şəki Dövlət Dram Teatrının təqdimatında “Sevil” tamaşası nümayiş olunub.

Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, səhnə tərtibatçısı və geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdidir.

“Sevil” pyesinin budəfəki rejissor yozumu səhnədən tamaşaçı salonuna ünvanlanan “ailənizin qədrini bilin, ey cavanlar” ismarışıdır. Təcrübəsiz, savadsız Sevil ilə yad dəyərlərin təmsilçisi Dilbərin maraqlarının toqquşması Sevilin sonradan savadlanaraq, hətta kitab müəllifi səviyyəsinədək yüksəldikdən sonra da davam edir.

Onu da qeyd edək ki, Sevil obrazı 18 yaşlı aktrisa Zümrüd Əliyevanın debütüdür. Digər rollarda əməkdar artistlər Xanlar Həşimzadə, Akif Yusifov və Rəhim Qocayev, aktyorlar Pərviz İsmayılov, Lalə Məmməd, Arzu Mustafayeva, Fərahim Fətəliyev, Nazilə İmamhüseynova və Aysun Mustafazadə çıxış ediblər.

Noyabrın 29-da “Cəfər Cabbarlı həftəsi”ndə daha bir tamaşa nümayiş olunacaq. Cabbarlı dramaturgiyası pərəstişkarlarını çoxdan bəri Azərbaycan səhnəsində görünməyən “Oqtay Eloğlu” ilə görüş gözləyir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təqdim edəcəyi səhnə əsərinə Xalq artisti Vaqif Əsədov quruluş verib.

Azvision.az


Teqlər: Tamaşa  





Xəbər lenti