“İlham Əliyevin diqqəti bizi daha da ruhlandırır” - Kəmaləddin Heydərov

“İlham Əliyevin diqqəti bizi daha da ruhlandırır” - Kəmaləddin Heydərov
  16 Dekabr 2013    Oxunub:1282
Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 8-ci ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə nazirliyin mərkəzi aparatında Kollegiya iclası keçirilib.

İclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra FHN-in 8 illik fəaliyyətinə həsr olunmuş "Təhlükəsiz həyat naminə" adlı sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirliyin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O, qeyd edib ki, müstəqil və qüdrətli Azərbaycanın banisi və memarı olan Heydər Əliyevin ölkəyə rəhbərliyinin bütün dövrlərində baş verən ən müxtəlif fövqəladə hadisələrə çevik və uzaqgörən reaksiyası, çətin vəziyyətə düşən vətəndaşların daim yanında olması xalqın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi işinə hər zaman verdiyi böyük dəyərin göstəricisi idi:
"Ümummilli liderin bu dəst-xəttini bu gün böyük inam və məharətlə davam etdirən Prezident, ali baş komandan İlham Əliyev tərəfindən Fövqəladə Hallar Nazirliyinin xidmətdə fərqlənən əməkdaşlarının fəxri adlara, orden və medallara layiq görülməsi, ali hərbi və xüsusi rütbələrlə təltif olunması dövlət başçısının bizə göstərdiyi xüsusi diqqət və qayğının bariz göstəricisi olmaqla, bizi daha məhsuldar fəaliyyət göstərməyə ruhlandırır".

Nazir deyib ki, ötən illər ərzində FHN-in maddi-texniki bazasının gücləndirilməsi, strukturunun optimallaşdırılması, texniki təchizatının və kadr potensialının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Təkcə cari ildə Bakı şəhərində və regionlarda yerləşən qurumlarda əsaslı təmir və yenidənqurma işləri davam etdirilib, bir sıra inzibati və xidməti bina və qurğular tikilərək istismara verilib.

Qeyd edilib ki, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin müvafiq dövlət qurumları ilə qarşılıqlı əlaqələrin qurulması və möhkəmləndirilməsi işləri davam etdirilib, cari ildə bu istiqamətdə bir sıra sazişlər imzalanıb.

FHN-in fəaliyyətinə hər zaman verdiyi yüksək qiymətə, göstərdiyi ali diqqət və qayğıya görə nazirliyin şəxsi heyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən K.Heydərov dövlət başçısını əmin edib ki, ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin təminatı, maddi və mədəni sərvətlərimizin mühafizəsi, vətəndaşlarımızın firavan həyat və fəaliyyətinin təmin edilməsi kimi şərəfli vəzifənin yerinə yetirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər.

Mərasimdə Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın orden və medallarla təltif edilməsi haqqında sərəncamları oxunub.

Sonra nazirliyin xidmətdə fərqlənən bir qrup əməkdaşına mükafatlar verilib. /Trend/


Teqlər:  





Xəbər lenti