Sumqayıtdakı atışmaya görə 4 nəfər də həbs edildi

Sumqayıtdakı atışmaya görə 4 nəfər də həbs edildi
  16 Dekabr 2013    Oxunub:723
DİN-in mətbuat xidməti Sumqayıtda baş verən atışma ilə bağlı məlumat yayıb.
AzVision.az qurumun saytına istinadən xəbər verir ki, məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə şübhəli bilinən daha dörd nəfər - şəhər sakinləri Əhməd Salmanov, Kənan Mehrəliyev, Rövşən Musayev və Elşən Məmmədov tutulublar.

Keçirilmiş baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülüb.

R.Musayevin baş və bədəninin müxtəlif nahiyələrində bıçaq xəsarətlərinin olması aşkar edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az






Teqlər:  





Xəbər lenti