İlan ilində `kreslo`sunu itirən məmurlar...

İlan ilində `kreslo`sunu itirən məmurlar...
  16 Dekabr 2013    Oxunub:5061
Başa vurmaq üzrə olduğumuz İlan ili ölkəmizdə bir sıra mühüm hadisələrlə yadda qaldı. Kimlər üçün bu il düşərli oldu, kimlər üçünsə tam əksinə. Səs-küylü 2013-cü il ictimai-siyasi müstəvidə də yaddan qalan olub. Belə ki, il boyu ölkə başçı vəzifə səlahiyyətlərini düzgün icra edə bilməyən məmurları cəzalandıraraq onları tutduqları vəzifədən azad etdi, əvəzində daha məsuliyyətli və önəmli kadr dəyişikliklərinə imza atdı.

Son günlərini yaşadığımız 2013-cü ildə hansı məmurlar vəzifələrini itirdi?

AzVision.az yaxın tarixə nəzər salaraq kreslosu əldən gedən məmurları araşdırıb.

2013-cü ilin ilk ayı ölkə üçün kifayət qədər səs-küylü oldu. Yanvar ayında İsmayıllıda baş verən etiraz aksiyaları yerli sakinlər kimi o zaman rayonun icra başçısı vəzifəsini icra edən Nizami Ələkbərov (sabiq əmək və əhalinin sosial müdafiəsi nazirinin qardaşı-red) üçün də yəqin ki, bir ömür boyu unudulmaz olacaq. İsmayıllı hadisələrindən dərhal sonra ölkə başçısı İlham Əliyevin sərəncamı ilə N.Ələkbərov cari ilin fevralında vəzifəsindən azad edildi. Prezident onu bu postda Gəncə Aqrar Universitetinin rektoru Mirdaməd Sadıqovla əvəzlədi.

Dövlət rəhbəri İsmayıllıdan sonra qonşu Şamaxının rəhbərliyində yeni təyinat apardı. Prezidentin fevralın 15-də imzaladığı sərəncama əsasən isə Şamaxı rayonun icra başçısı Asif Məmmədov vəzifəsindən azad edilərək kreslosunu SOCAR-ın şöbə müdiri Asif Ağayevə təhvil verməli oldu.

Prezident İlham Əliyev daim icra başçılarının fəaliyyətlərini diqqətlə izləyir, etimadı doğrultmayanları komandadan uzaqlaşdırırdı.

Ölkə başçısı bu ilin martın 4-də daha üç 3 rayonun icra başçısını dəyişdirdi. Prezidentin sərəncamı ilə Vidadi Məhərrəmov Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edildi və onun yerinə Aqil Məmmədov təyinat aldı. Daha bir sərəncam Laçın rayonunun İcra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov tutduğu vəzifədən azad edilməsi haqqında imzalandı. Onun yerinə Akif Səlimov vəzifəyə gətirildi.
Vəzifəsindən azad edilən daha bir icra başçısı isə Naxçıvan Muxtar Respublikası Sədərək rayonu İcra hakimiyyətinin başçısı Abbasqulu Abbasov oldu. Prezident Abbasovun vəzifəsini Həbib İbrahimova həvalə etdi.

2013-cü ildə vəzifəsindən azad edilən təkcə icra başçıları olmadı. Kiçik məmurlardan tutmuş bir neçə nazir də bu siyahıya qoşuldu. İlin ilk nazir dəyişikliyi Təhsil Nazirliyində baş tutdu.

Prezident İlham Əliyevin aprelin 19-da imzaladığı sərəncamla təhsil naziri Misir Mərdanov vəzifəsindən azad edildi. 15 il nazir postunda saç ağardan M.Mərdanovu “İçərişəhər” Qoruq idarəsinin rəisi, hakimiyyətin gənc kadrı Mikayıl Cabbarov əvəz etdi. M.Cabbarov gözlənildiyi kimi gəlişi ilə nazirlikdə ciddi kadr dəyişiklikləri həyata keçirərək eks-nazirin kadrlarını istefaya göndərdi.

Bu ərəfədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən də rəhbər dəyişikliyi baş tutdu. İsmayıl Ömərov kürsüsünə qurumda keçirilən səsvermənin nəticələrinə əsasən Cəmil Quliyev yiyələndi.

Dəyişikliklər bununla bitmədi. İlin ən səs-küy qoparan dəyişikliyi prezident seçkilərindən sonraya təsadüf etdi. Prezident İlham Əliyev üçüncü dəfə ölkə başçısı seçildikdən sonra ölkə qanunvericiliyinə müvafiq olaraq Nazirlər Kabineti istefaya göndərildi. Prezident yeni komandasına yeni nazirlər daxil etdi.

İlham Əliyevin oktyabrın 22-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi müəyyən edildi. Yeni tərkibdə dəyişikliklər belə oldu:

Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov baş nazirin müavini vəzifəsinə təyin aldı. Kənd təsərrüfatı naziri İsmət Abbasov da yeni təyinatla baş nazirinin müavini postuna gətirildi.
Onun yerinə, yəni kənd təsərrüfatı naziri vəzifəsinə isə Hesablama Palatasının keçmiş sədri Heydər Əsədov vəzifə aldı.

İsmayıllı hadisələrindən sonra mətbuatın gündəmindən düşməyən Füzuli Ələkbərov prezidentin yeni komandasında yer almadı.

Ölkə başçısı onu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovla əvəzlədi.

Nazirlər Kabinetinin tərkibində ən çox diqqət çəkən dəyişiklik müdafiə naziri Səfər Əbiyevin uzun illər fəaliyyətdən sonra ehtiyata göndərilməsi oldu. Əbiyevin kreslosuna bu dəfə daha gənc və peşəkar hərbçi general-leytenant Zakir Həsənov təyinat aldı. O da öz növbəsində fəaliyyətə başlayandan ucdan tutma nazirlikdə ciddi dəyişikliklər edir, sabiq nazirin kadrlarını vəzifədən uzaqlaşdırmaqla yadda qaldı.

Nazirlər Kabinetinin tərkibində daha bir dəyişiklik isə İqtisadi İnkişaf Nazirliyinin adının İqtisadiyyat və Sənaye Nazirliyi adı ilə əvəz edilməsi oldu. Ad dəyişdirilsə də nazir dəyişmədi. Şahin Mustafayev bu dəfə də öz vəzifəsində qaldı.

Prezidentin başqa bir sərəncamı ilə Elman Mehdiyev Dövlət Sosial Müdafiə Fondununa, Vüqar Gülməmədov isə Hesablama Palatasına sədr təyin edildi.

Hazırladı: Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti