Gültəkin Hacıbəylinin şikayəti icraata qəbul edildi

Gültəkin Hacıbəylinin şikayəti icraata qəbul edildi
  17 Dekabr 2013    Oxunub:1135
Məhkəmə Gültəkin Hacıbəylinin şikayətini icraata qəbul etdi, Lakin prosesin məhkəmə istintaqı ilə aparılması haqda vəsatəti təmin etmədi.
AzVision.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə Milli Şuranın kommissiya sədri, keçmiş deputat Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevə qarşı xüsusi ittiham üzrə apelyasiya şikayətinə baxılıb.

Qeyd edək ki, Gültəkin Hacıbəyli Mahmud Mehdiyevin keçirdiyi mətbuat konfransında səsləndirdiyi ifadələrlə onu təhqir etdiyini əsas gətirərək keçmiş həyat yoldaşının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. Noyabrın 4-də bu iş üzrə hakim Fuad Babayevin sədrliyi ilə məhkəmə iclası keçirilib və G.Hacıbəylinin iddia təmin edilməyib. Hakim G.Hacıbəylinin məhkəməyə təqdim etdiyi materialları sübut kimi qəbul etməyərək iddia ərizəsinin məhkəmə icraatına götürülməməsi haqda qərər qəbul edib. G.Hacıbəyli və vəkili Elçin Sadıqov qeyd olunan qərardan apelyyasiya şikayəti verib.
Məhkəmə iclasında xüsusi ittihamçı Gültəkin Hacıbəyli, onun vəkili Elçin Sadıqov və cavabdeh qismində isə Mahmud Mehdiyev iştirak ediblər.

Bundan əlavə məhkəməyə təhsil üzrə eksperti Etibar Əliyev, AXCP sədrinin müavini Gözəl Bayramlı, AXCP fəalı Nüşabə Ağakişiyeva, Müsavat başqanının müşaviri Yeganə Hacıyeva və media nümayəndələri də qatılıblar.

İclas başlayandan sonra E.Sadıqov apelyasiya şikayətinin qismən məhkəmə istintaqı ilə aparılması haqda vəsatət verdi: “Birinci instansiya məhkəməsinə internet saytlarından çıxarışlar təqdim edilmişdi. Ancaq hakim onları sübut kimi qəbul etmədi. Biz istəyirik məhkəmə baxışında ki, təqdim etdiyimiz videolara və digər materialları qismən məhkəmə istintaqı ilə araşdırılsın”.

G.Hacıbəyli bildirdi ki, birinci instansiya məhkəməsinə internet saytlarından çıxarılmış materiallarla yanaşı, həmin saytların ünvanlarını da təqdim ediblər: “Məhkəmə həmin saytlara baxa bilərdi. Qanuna görə internet saytları kütləvi informasiya vasitələri sayılır. Amma birinci instansiya məhkəməsi onlara təqdim etdiyimi internet saytlarını KİV saymadı. İnternet saytlarında yayılan yazılara görə, məhkəmə hökmləri də olub. Yasamal məhkəməsi isə qanuna zidd olaraq məhkəməyə təqdim etdiyimiz və internet saytlarında dərc edilmiş məlumatları sübut kimi qəbul etmədi”. Eyni zamanda, məhkəmə təqdim edilən sübutları araşdırmadan onların mötəbər olmaması ilə bağlı rəy verir. Halbuki, cinayət prosesual qanunvericiliyin tələblərinə uyğun olaraq sübutların qiymətləndirilməsi məhkəmə hazırlıq iclasının predmeti ola bilməz. Sübutların mötəbərliliyi yalnız iş məhkəmə baxışına tədqim olunduqdan sonra məhkəmə istintaqı gedişində, tərəflərin çəkişmə prinsipi gözlənilməklə qiymətləndirilə bilərdi. Yasamal rayon Məhkəməsinin onun işinə qanunun tələblərinə uyğun şəkildə baxmadığını deyən G.Hacıbəyli məhkəmə hazırlıq iclasının qərarının ona 14 gün sonra, yəni 11 gün gecikmə ilə edilməsini də hakimin diqqətinə çatdırdı. Bu zaman hakim “Qərarın sizə gec təqdim edilməsini əsas gətirərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini istəyirsiniz?” deyərək G.Hacıbəyliyə sual etdi. O isə “Mən məhkəmənin etdiyi qanunsuzluqlar haqda danışıram. Qərarın ləğv edilməsinə əsas kimi hakim tərəfindən internetin KİV hesab edilməməsi və məhkəmə hazırlıq iclasında heç bir araşdırma aparmadan təqdim etdiyimiz sübutları mötəbər hesab etməməsi yetərlidir” - deyə hakimə cavab verdi. G.Hacıbəyli Yasamal rayon Məhkəməsinin çıxardığı qərarın ləğv edilməsini də istədi.

Bundan sonra Mahmud Mehdiyev çıxış edərək xüsusi ittihamçının və vəkilinin və məhkəməyə təqdim etdiyi və internet saytlarından çıxartdığı materialların sübut olmadığını dedi: “Onlar həmin saytların qeydiyyatdan keçib-keçməməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən sənəd almalıdırlar. Bilinməlidir ki, bu saytla qanuni fəaliyyət göstərir, ya yox. Xahiş edirəm şikayətə qismən məhkəmə istintaqı ilə baxılması haqda verilən vəsatət və şikayət rədd edilsin”.

Bundan sonra məhkəmə müşavirəyə getdi. Müşavirəndən qayıdan hakim G.Hacıbəylinin şikayətinin icraata qəbul olunduğunu və işin baxışa təyin edildiyini elan etdi. Hakim məhkəmə baxışının qismən istintaqla aparılması haqda verilən vəsatəti təmin etmədi.

Məhkəmə 30 dekabr, saat 11:00-da davam etdiriləcək.


Teqlər:





Xəbər lenti