`Cənab Davudoğlu, Azərbaycanın arxasından qaçmaq cinayətdir`

`Cənab Davudoğlu, Azərbaycanın arxasından qaçmaq cinayətdir`
  17 Dekabr 2013    Oxunub:1346
Deputatlar türk naziri Azərbaycana xəyanətdə günahlandırdı. “Cənab Davudoğlu, sərhədləri açmaq, Azərbaycanın arxasından qaçmaq cinayətdir...”

Türkiyə parlamentində müxalifət xarici işlər nazirindən Ermənistan səfəri ilə bağlı izahat istədi; gərgin polemikalar yaşandı

Ötən həftə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına qatılmaq üçün İrəvana səfər edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkəsində müxalifətin güclü tənqidləri ilə qarşılaşıb.

AzVision.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində XİN-in 2014-cü il üçün büdcəsinə dair müzakirələrdə Ə.Davudoğlu CHP və MHP-dən olan millət vəkillərinin kəskin tənqidləri ilə üzləşib.

Millət vəkilləri Ə.Davudoğlunun İrəvana səfərinin nə məqsəd daşıdığını, 2009-cu ildə olduğu kimi Azərbaycandan və Türkiyə ictimaiyyətindən gizli şəkildə ermənilərlə hansısa sövdələşmənin müzakirə olunub-olunmadığını soruşublar.

MHP-dən deputat Toğrul Türkeş Əhməd Davudoğlundan İrəvanda verdiyi açıqlamalar, Azərbaycanın 2 rayonunun işğaldan azad edilməsinin əvəzində Ermənistanla sərhədlərin açılmasına dair təklif barədə xəbərləri “uydurma” adlandırması və 1915-ci il hadisələrinə görə Türkiyəni günahkar çıxaran bəyanatı ilə bağlı izahat tələb edib.

Ə.Davudoğlu ona cavab olaraq T.Türkeşin atası Alparslan Türkeşin 90-cı illərin əvvəllərində Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyanla görüşdüyünü xatırladıb: “Mən indi sizin rəhmətlik atanız Alparslan Türkeşin Ermənistanla Azərbaycan arasında müharibənin getdiyi bir vaxtda prezident Levon Ter-Petrosyanla görüşdüyünü xatırlayıram. Əgər bu görüş cinayət deyildisə,- hansı ki, mən onu cinayət yox, düzgün addım sayıram,- o zaman mənim Ermənistana səfərim də cinayət deyil. Bizim tarixi ədalət çərçivəsində Ermənistanla və ermənilərlə görüşlərimiz cinayət yox, zərurətdir”.

CHP-dən olan millət vəkili Osman Korutürk isə Ə.Davudoğlundan tələb edib ki, Ermənistanla bağlı məsələlər şəffaf şəkildə həll edilsin və o, milli konsepsiyanın bir hissəsinə çevrilsin. O, xarici işlər nazirini parlamentin qapalı iclasını çağırıb Ermənistanla nizamlama prosesi barədə dinləmələr keçirməyi təklif edib.

O.Korutürk xarici işlər nazirini sərt tənqid edərək bildirib ki, o, Türkiyə Cümhuriyyətinin tarixində ən bacarıqsız nazirdir. Millət vəkili deyib ki, Davudoğlu bütün qonşularla normal münasibətlər qurmaq əvəzinə Suriyanı və digər qonşuları özünə düşmən edib: “Nəticədə Dəməşq ayaq basa bilinməyəcək hala gəlib”.

Ə.Davudoğlu ona cavab olaraq CHP millət vəkilini Əsəd rejiminin qəddarlığına haqq qazandırmaqda günahlandırıb: “Dəməşqi bombalayan Türkiyə təyyarələri deyil, Əsədin təyyarələridir. Sizin buradakı çıxışınız Əsədi ruhlandıracaq”.

O.Korutürk isə Ə.Davudoğlunu parlament divarları arasında qınadığını xatırladıb və deyib: “Ermənistanla danışmağınız cinayətdirmi? Təbii ki, yox. Rayonlar işğal altında ikən sərhədləri açmaq, Azərbaycanın arxasından qaçmaq cinayətdir. Üzüldüyüm şey məmləkətin bu hala gəlməsidir. Mən ona məyusam ki, siz xarici işlər naziri olaraq bu səviyyəyə gəldiyinizi görə bilmirsiniz. Bir halda ki çox bacarıqlısınız və yürütdüyünüz xarici siyasət uğurludur, o zaman daha da aşağı düşmədən zirvədə ikən işi buraxıb getməyinizi təklif edirəm”.


Teqlər:  





Xəbər lenti