“Teatrsız yaşaya bilmərəm” - Ayşad Məmmədovla ad günü söhbəti

  06 Dekabr 2019    Oxunub : 1972
 “Teatrsız yaşaya bilmərəm” - Ayşad Məmmədovla ad günü söhbəti
"Mesajlardan yadıma düşdü ki, ad günümdür"

Bu gün Əməkdar artist Ayşad Məmmədovun doğum günüdür. 65 yaşını qeyd edən aktyor ad günü təəssüratlarını Azvision.az-la bölüşüb.
- Ayşad bəy, qadınlar adətən yaşlarını söyləməyi xoşlamırlar. Kişilər haqda isə yaş kişinin var-dövlətidir deyirlər. Siz necə düşünürsünüz?

- Yaş illərin toplusudur. Var-dövlət isə insanın əməlləridir. Ola bilər ki, kiminsə 30 ildə etdiyi uğuru, başqası heç 65 ildə qazana bilməsin.

- 65-dən geriyə boylansanız, hansı illərdə dayanarsınız, xatirələrə dalarsınız?

- Şəki Dövlət Dram Teatrında Hüseynağa Sadıqovla, Cahangir Zeynalovla birgə çalışıdığım illərdə əl saxlayaram. Şəki teatrının xatirələrinə qayıtmaq istəyərdim. Ömrümün 38 ili orada keçib. Mənim üçün əziz illərdir.



- Bu rəqəm bir igidin ömrüdür həm də. İllərin kürəyini yerə vurmaq çətin olmadı ki?

-Heç o barədə fikirləşməmişəm. Nədənsə yaşımı hiss etmirəm. Düzdür, nəvəm dünyaya gəlib. Amma özümü baba kimi hiss edə bilmirəm. Yəqin, baba deyəndə bunun fərqində olacağam. Kürəyim yerə dəyəndə biləcəyəm ki, artıq yaş gəldi, qocalıq başladı. Ümumilikdə cavanlarla ünsiyyətdə olmağı, onlardan nələrisə öyrənməyi xoşlayıram.

- Böyük bir yol qət etmisiniz, bu illər sizə nə verdi?

- Ömürdür yaşamışam da. Qənaətə gəlmişəm ki, teatrsız yaşaya bilmərəm. Teatr mənim üçün başqa aləmdir.



- Bu gün aynaya baxdınız, özünüzə nə dediniz?

- Adi günlərdən biri oldu. Mesajlardan yadıma düşdü ki, ad günümdür. Təmtəraqlı məclislər keçirməyi, ad günlərini qeyd etməyi xoşlamıram. Aynada özümü gördüm. Başqa heç nə.

- Bu gün sizə nə hədiyyə etsələr, ürəyinizin sarı simini tərpədər?

- Arzuladığım tamaşa var, onu repertuara salsınlar. Başqa bir istəyim yoxdur.

- Övladlarınız sizi necə təbrik etdilər?

- Oğlum məndən ayrı yaşayır. Qızım boynuma sarıldı. Mənim üçün ən böyük hədiyyə elə budur.



Şahanə Rəhimli
Azvision.az

Teqlər: Aktyor   AyşadMəmmədov