İrəvanda növbəti biabırçılıq - Erməni deputat sərt tənqid etdi

İrəvanda növbəti biabırçılıq - Erməni deputat sərt tənqid etdi
  09 Dekabr 2019    Oxunub:3040
Ermənistan parlamentinin deputatı Naira Zöhrabyan İrəvanda Yeni il şənliyinin təşkili üçün 700 min dollara yaxın vəsait ayrılmasını sərt tənqid edib.
Azvision.az xəbər verir ki, deputat Ermənistanın müstəqillik tarixində heç vaxt Yeni il tədbirinə bu qədər vəsaitin xərclənmədiyini bildirib.

Daha əvvəl məlum olub ki, İrəvan meriyası paytaxtda Yeni il bayramının təşkilinə 325 milyon dram, yaxud 700 min dollara yaxın pul xərcləyəcək. Bunun 271 milyon dramı Ermənistan hökumətinin, 54 milyon dram isə paytaxt büdcəsindən ayrılıb.

"Mən hər hansı bir bayramın ləyaqətlə qeyd edilməsinin tərəfdarıyam. Ancaq 700 min dollar çox böyük məbləğdir”, - deyə deputat əlavə edib.

O xatırladıb ki, İrəvandakı binalarda ümumilikdə 4500 lift var, bunların çox hissəsi istismar müddətini başa vurub. Elə köhnəlmiş liftlər var ki, onları "ölüm liftləri" adlandırırlar. 2019-cu ildə şəhər meriyası cəmi 20 ədəd lift alıb və hər inzibati rayona iki lift düşüb.

Zöhrabyanın fikrincə, Milad ağacına vəsait xərcləməkdənsə, "ölüm liftləri"ni yeniləri ilə əvəz etmək olar.

“Məşhur musiqiçi Qoran Breqoviçin Yeni il üçün İrəvanda verəcəyi konsertə görə 290 min dollar ödənəcəyi barədə məlumatlar yayılıb. Mən hələlik bu məlumata inanmaq istəmirəm və şəhər rəhbərliyindən rəsmi cavab gözləyirəm”, - erməni deputat deyib.

Onun sözlərinə görə, paytaxtda bu qədər vacib problemlər olduğu halda, 700 min dollara Yeni il şənliyinin təşkil edilməsi biabırçılıqdır:

“Hər gün "ölüm liftinə" minən vətəndaşların 700 min dollar qarşılığında Yeni il şənliyi keçirilməsinə sevinəcəyini təsəvvür etmək çətindir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Deputat  





Xəbər lenti