Misirdəki forumda Azərbaycandan 32 nəfər iştirak edəcək - Səfir

Misirdəki forumda Azərbaycandan 32 nəfər iştirak edəcək -  Səfir
  09 Dekabr 2019    Oxunub:2284
14-17 dekabr tarixlərində Misir Ərəb Respublikasının Şarm Əl Şeyx şəhərində Prezident Abdel Fattah əl-Sisinin himayəsi və iştirakı ilə III Dünya Gənclər Forumu keçiriləcək.
Bu barədə Azvision.az -a Misirin Azərbaycandakı fövqladə və səlahiyyətli səfiri Adel İbrahim məlumat verib.

Səfirin sözlərinə görə, Forumun rəsmi saytında qeydiyyatdan keçməklə dünyanın bütün ölkələrindən 18-40 yaş arasında olan şəxslər Dünya Gənclər Forumunda iştirak edə bilər. Seçim Forumun təşkilat komitəsi tərəfindən həyata keçirilir və bu ilki tədbirdə Azərbaycandan 32 gənc seçilib.

Diplomat onu da qeyd edib ki, xüsusi olaraq Misir və Azərbaycan gəncləri arasında, ümumiyyətlə isə Forumda iştirak edəcək dünya gəncləri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün Misir tərəfi Forum iştirakçılarının təyyarə biletlərini və mehmanxana xərclərini ödəməyi öz üzərinə götürüb.

A.İbrahim Dünya Gənclər Forumunun üç əsas mövzuya - sülh, inkişaf və yaradıcılıq mövzularına müraciət etdiyini, tədbirdə gənclər üçün maraq doğuran bir sıra müxtəlif mövzuların müzakirə olunacağını və həmçinin bu Forumun dünyanın üzləşdiyi problemlərə dair, dünya gənclərinin öz fikirlərini bildirmələri üçün bir platforma olduğunu vurğulayıb.

Diplomat onu da əlavə edib ki, birinci Forum 2017-ci ilin noyabr ayında 113 ölkədən 3000 gəncin iştirakı ilə, ikinci Forum 2018-ci ilin noyabr ayında 169 ölkədən 5000-dən çox gəncin, o cümlədən də Azərbaycandan 14 gəncin iştirakı ilə keçirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Misir   Səfir  





Xəbər lenti