“Azərbaycan regional lider, həm də əhəmiyyətli ölkədir” - Rusiyanın sabiq səfiri

“Azərbaycan regional lider, həm də əhəmiyyətli ölkədir” -  Rusiyanın sabiq səfiri
  09 Dekabr 2019    Oxunub:3012
Rusiya və Azərbaycan arasında hər hansı ağrılı nöqtələr qalmayıb. Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas strateji tərəfdaşıdır.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi nəzdində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin direktoru, Rusiyanın Azərbaycandakı səfiri olmuş (1999 - 2002) Stanislav Çernyavski Moskvada keçirilən “Rusiya-Azərbaycan: 2019-cu ilin yekunları” adlı dəyirmi masada deyib.

O, bu gün Rusiya-Azərbaycan münasibətlərində başa vurmağa hazırlaşdığımız ilin yekunlarına nəzər salanda, 19 il əvvəl baş verən hadisələri, Vladimir Putinin Prezident kimi Azərbaycana səfərini xatırlayıb: “Onda ayrıca bir "qara siyahı"da iki ölkə arasında ağrılı nöqtələr, fikir ayrılıqları var idi. Bu gün görürəm ki, bu siyahıdan heç nə qalmayıb".

Sabiq səfir deyib ki, bu yaxınlarda Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib: "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya paytaxtında səfərdə oldu. Mən bu forumdan və Birinci vitse-prezidentin səfərindən təsirləndim. Rusiya-Azərbaycan Regionlararası Forumunda Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin maraqlı bir rəqəm verdi. O, 2019-cu ilin 9 ayı ərzində Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 26 faiz artdığını, bunun heç bir MDB ölkəsi ilə əldə edilmədiyini diqqətə çatdırdı. 19 il əvvəl necə bir çətinliklə ortaq layihələrə girdiyimizi xatırlayıram. Bu gün bütün məsələlər həll olunur.

Azərbaycan Cənubi Qafqazda Rusiyanın strateji müttəfiqidir. Bundan əlavə, bu gün əməkdaşlıq üçbucaqları yaradılır. Məsələn, Rusiya-Azərbaycan-İran formatı və s. İllərdir inkişaf etdirilən "Xəzər beşliyi" mexanizmi böyük uğurlar qazanır”.

S.Çernyavski əlavə edib ki, bu gün Azərbaycan təkcə regional lider deyil, eyni zamanda beynəlxalq aləmdə əhəmiyyətli dövlətdir: “Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik edir. Azərbaycanın uğuru ondadır ki, onun taktika anlayışı və inkişaf etmiş strategiyası var. Bu gün biz bərabər səviyyədə əməkdaşlıq edirik. Ancaq münasibətlərimizdə ən yüksək həddə çatdığımızı deyə bilmərik. Qarşılıqlı əməkdaşlığımızda perspektivlər var, irəli getmək üçün istiqamətlər var. Azərbaycan üçün ağrılı bir problem, qanlı bir yara Qarabağdır. Rusiya bu xətt üzrə bütün danışıqlarda iştirak edir. İndi Ermənistanda ermənisayağı "demokratikləşmə" prosesi gedir. Görək bu hara aparacaq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti