Rusiya boksçuları Tokio olimpiadasından imtina etdilər

  11 Dekabr 2019    Oxunub : 1643
Rusiya boksçuları Tokio olimpiadasından imtina etdilər
Rusiyanın boks yığması Tokioda keçiriləcək olimpiadaya milli bayraq olmadan qatılmaqdan imtina edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlev bildirib.

“Milli komanda bayraqsız Olimpiya Oyunlarına getməkdən imtina etdi. Biz bayraqla yarışa qatılmaq hüququmuzun bərpasına çalışırıq. Bizim üçün ən əsas odur ki, boksçularımız Rusiya bayrağı altında görünsünlər və himnimiz səsləndirilsin. Bunsuz iştirak etməyin mənası yoxdur", - Kremlev deyib.

Onun sözlərinə görə, Dünya Kuboku və Avropa çempionatını Rusiyada keçirmək üçün WADA ilə razılığa gəlinməlidir: “Dəfələrlə demişəm ki, Rusiya böyük idman gücüdür, ölkəmizdəki bütün turnirlər ən yüksək səviyyədə keçirilir. Bunun hər kəs öhdəsindən gələ bilmir. Dekabrın 9-da verilən bu açıqlamalar təkcə Rusiya üçün deyil, bütün dünya idmanı üçün bir problemdir. Hansısa federasiyanı günahlandırmaq olar. Ölkənin bununla nə əlaqəsi var?".

Qeyd edək ki, bazar ertəsi Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı 4 il ərzində beynəlxalq idman yarışlarında iştirakdan məhrum edib. Qərara əsasən, Rusiya Olimpiya Oyunlarına və dünya çempionatlarına, eləcə də digər beynəlxalq turnirlərə qatıla bilməyəcək. Rusiya, həmçinin dörd il müddətinə beynəlxalq yarışlara da ev sahibliyi etmək hüququnu itirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   İdman   Yarış