İran azərbaycanlılar üçün xəstəxana tikir

İran azərbaycanlılar üçün xəstəxana tikir
  13 Mart 2013    Oxunub:1808
Azərbaycanlı xəstələr üçün cərrahiyyə əməliyyatlarının həyata keçiriləcəyi bir poliklinika yaradılacaq
İran azərbaycanlı xəstələr üçün poliklinika təsis edir. AzVision.az-ın məlumatına görə, bu barədə “Araz” Azad Ticarət Zonası Təşkilatının icraçı direktoru Sadiq Nəcəfi məlumat verib. O bildirib ki, “Araz” Azad İqtisadi Zonada azərbaycanlı xəstələr üçün məhdud cərrahiyyə əməliyyatlarının həyata keçiriləcəyi poliklinika yaradılacaq.

Onun sözlərinə görə, bu müalicə mərkəzi 7 min kvadrat metrlik bir ərazidə yerləşəcək və 4 mərtəbəli bir binadan ibarət olacaq. 20 milyard rial sərmayə ilə quraşdırılacaq bu layihə İran Culfasında yerləşəcək.

Sadiq Nəcəfi qeyd edib ki, “bu layihənin istifadəyə verilməsi ilə ayaqüstü cərrahiyyə əməliyyatlarına ehtiyaclı xəstələrə burada təcili və təxirəsalınmaz tibbi xidmətlər göstəriləcək. Mürəkkəb və ixtisaslaşdırılmış cərrahiyyə əməliyyatlarına ehtiyaclı xəstələr isə xüsusi nəzarət altında Şərqi Azərbaycan vilayətinin mərkəzində yerləşən xəstəxanalara köçürüləcəklər”.

S.Nəcəfi həmçinin, Araz Azad Ticarət Zonasında tikilməsi planlaşdırılan Ürək və Damar Mərkəzinin yaradılması istiqamətində özəl sektor ilə danışıqların aparıldığına işarə edərək, deyib: Özəl sektorun da müsbət qarşıladığı bu müalicə mərkəzi əsasən cərrahiyyə və ürək xəstəlikləri ilə əlaqədar olacaq. Və bu mərkəzin təsis ediləcəyi təqdirdə ürək cərrahiyyəsi bölməsinin kənarında doğum evi, uşaq poliklinikası və qadın xəstəlikləri bölməsi də təsis ediləcək”.

Sadiq Nəcəfi əlavə edərək bildirib ki, “bu mərkəzin təsis edilməsi üçün ilkin hesablamalara görə, 750 milyard rial vəsait lazımdır. Layihənin icra əməliyyatı isə 42 aya başa gələcək”

AzVision.az



Teqlər:





Xəbər lenti