Məmmədyarov ingilis həmkarı ilə görüşüb

  17 Dekabr 2013    Oxunub : 454
Məmmədyarov ingilis həmkarı ilə görüşüb
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak etmək üçün Bakıda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Krallığının xarici işlər naziri Uilyam Heyq ilə işçi nahar əsnasında görüşüb.

XİN mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında enerji və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etməsi, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu və Azərbaycanın Avropa Birliyi ilə əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə edilib.

U.Heyq “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması münasibətilə Azərbaycanı təbrik edib, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına, xüsusilə NATO-nun Əfqanıstan əməliyyatına göstərdiyi dəstəyinin yüksək qiymətləndirildiyini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi barəsində məlumat verən E.Məmmədyarov Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qalmasının regionun təhlükəsizliyinə başlıca təhdid olduğunu bildirib.

Görüşdə beynəlxalq və regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az

Teqlər: