Ekzotik Vyetnam səfirliyimizdən FOTOLAR

Ekzotik Vyetnam səfirliyimizdən FOTOLAR
  18 Dekabr 2013    Oxunub:1313
Azərbaycanın Vyetnamdakı səfirliyinin rəsmi açılış mərasimi keçirildi.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, tədbirdə Vyetnam Xarici İşlər Nazirliyinin və Vyetnam Kommunist Partiyasının rəsmiləri, Milli Assambleyanın, digər dövlət və hökumət qurumlarının nümayəndələri, Hanoy şəhərində akkreditə olunan diplomatik korpusun üzvləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, jurnalistlər və başqaları iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov və Vyetnamın xarici işlər nazirinin müavini Bui Thanh Son çıxış edib.

Ölkəmizin digər dövlətlərlə dostluq və sıx əlaqələr qurmağa böyük önəm verdiyini qeyd edən Anar İmanov Azərbaycan ilə Vyetnam arasındakı əməkdaşlığı buna misal göstərib. O, Azərbaycan-Vyetnam əlaqələrinin tarixindən bəhs edərək çətin anlarda xalqımızın vyetnamlı dostlarına dəstək verdiyini söyləyib. Diplomat əlavə edib ki, azərbaycanlı mütəxəssislər Vyetnam iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə neft sektorunun inkişaf etdirilməsində öz bilik və təcrübələrini vyetnamlı həmkarları ilə bölüşüb.

A.İmanov vaxtilə çoxsaylı vyetnamlı tələbələrin Azərbaycanın ali təhsil ocaqlarını bitirdiklərini, bu tarixi dostluq əlaqələrinin bərpası, həmçinin bütün sahələrdə uzunmüddətli əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu söylədi.

Diplomat Azərbaycan səfirliyinin hərtərəfli fəaliyyətinə göstərilən dəstəyə görə Vyetnam dövləti, hökuməti, xüsusilə Xarici İşlər Nazirliyinə, o cümlədən müxtəlif struktur və təşkilatların nümayəndələrinə minnətdarlığını bildirdi.

Bui Thanh Son Hanoy şəhərində Azərbaycan səfirliyinin fəaliyyətə başlamasını hər iki ölkə üçün əlamətdar hadisə kimi dəyərləndirib. O, Azərbaycan ilə Vyetnam arasında ənənəvi dostluq əlaqələrinin əsasının 1959-cu ildə Vyetnam prezidenti Ho Şi Minin Azərbaycana, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə qoyulduğunu bildirdi.

Nazir müavini bu dövr ərzində çoxlu sayda vyetnamlı tələbənin Azərbaycan universitetlərini bitirdiyini, hazırda onların əksəriyyətinin Vyetnamın dövlət sektorunda və iri şirkətlərində çalışdığını və iki ölkə arasında dostluq körpüsü rolunu oynadığını vurğuladı.

Bui Thanh Son iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli imkanların mövcudluğunu, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində, sərmayə qoyuluşunda və xalqlar arasında təmasların artırılmasında maraqlı olduqlarını qeyd etdi.

Tədbir Vyetnam Dövlət Simfonik Orkestrinin üzvlərinin ifasında Azərbaycan, Vyetnam və dünya bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət konsert proqramı ilə davam etdi.

Qalereya




Teqlər:





Xəbər lenti