Zöhrabyan Paşinyana: “Xalqa qarşı güc tətbiq etməyəcəksiniz”

 Zöhrabyan Paşinyana:  “Xalqa qarşı güc tətbiq etməyəcəksiniz”
  14 Dekabr 2019    Oxunub:3353
Ermənistan hakimiyyəti Amulsar qızıl yatağının istismarını davam etdirmək niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Naira Zöhrabyan bildirib. Deputat buna kəskin etiraz edib: "Siz xalqa qarşı güc tətbiq etməyəcəksiniz və Cermuk Çernobıl olmayacaq”.

Zöhrabyanın sözlərinə görə, ona Cermukdan olan həmkarları məlumat verib ki, Amulsarın istismarı ilə bağlı yeni addımlar atılmaqdadır: "Bir neçə gündür müxtəlif güc strukturlarının nümayəndələri Cermuk sakinləri və Amulsarın istismarına qarşı olan fəallarla danışıqlar aparırlar ki, onlar ərazidəki bloklamanı aradan qaldırsınlar. Sakinlər Amulsarın blokadasını dağıtmaq üçün yaxın günlərdə polis qüvvəsindən istifadə olunacağından narahatdırlar. Hesab edirəm ki, öz hüquqlarını müdafiə edən vətəndaşlara qarşı güc tətbiq etməyə çalışanlar bunun mümkün zərərli nəticələrini aydın şəkildə başa düşməlidirlər. Cermuka və ətrafındakı icmalara göndərilən bütün qüvvələrə sakinlərin bir cavabı var - Cermuk Çernobıl olmayacaq. Nəticələri dəhşətli ola biləcək addım atmayın. Heç bir halda və heç bir vəziyyətdə zor tətbiq edilməməlidir".

Xatırladaq ki, Paşinyan böyük qazanc mənbəyi əldə etmək üçün Amulsar qızıl yatağının istismara verilməsinin tərəfdarıdır. Bu məsələ hakimiyyət daxilində də fikir ayrılıqları yaradıb. Cermuk sakinləri, ekoloqlar, aktivistlər bunun faciəvi nəticələri olacağını bəyan edərək, yatağın istismarına qarşı dəfələrlə etiraz aksiyaları keçiriblər. Hazırda isə onlar mədənə aparan yolu bloklayıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti