Pakistan Milli Assambleyasının sədri ilə görüş

Pakistan Milli Assambleyasının sədri ilə görüş
  18 Dekabr 2013    Oxunub:944
Azərbaycan ilə Pakistan İslam Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə edildi.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq ilə görüşüb. Səfir Pakistan Milli Assambleyasının (PMA) sədri vəzifəsinə seçilməsi, həmçinin Pakistan müsəlman Liqasının seçkilərdəki qələbəsi münasibəti ilə S.A.Sadiqə Azərbaycan Milli Məclisinin sədri Oktay Əsədovun təbrikini çatdırıb, onu ölkəmizə səfərə dəvət edib.

D.Şikarov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin daxili və xarici siyasət sahəsində əldə olunan uğurlardan, aparılan yenidənqurma işlərindən və iqtisadi islahatlardan danışıb.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Pakistanın ölkəmizə verdiyi dəstəyə və Ermənistanın işğalçılıq siyasətini ittiham etdiyinə görə PMA-nın sədrinə minnətdarlığını bildirib. Qeyd olundu ki, bu il fevralın 1-də və oktyabrın 10-da Pakistan parlamentinin yuxarı palatası tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul edilib. Bununla da Pakistan ədalətli mövqe tutduğunu, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini və Azərbaycana qardaşlıq münasibətini bir daha nümayiş etdirib.

D.Şikarov Pakistan prezidenti və Baş nazirinin Azərbaycana səfərlərinin gündəlikdə durduğunu qeyd etmiş, bu səfərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verəcəyini vurğulayır. Səfir deyib ki, qanunverici orqanlar arasında qarşılıqlı səfərlər, hər iki parlamentdə dostluq qruplarının fəaliyyəti xalqlarımız arasında münasibətlərin inkişafına müsbət təsir göstərir.
Azərbaycanda keçirilmiş Prezident seçkilərini hakim Pakistan Müsəlman Liqasından olan deputat və senatorların da müşahidəçi qismində izlədiyini diqqətə çatdıran S.A.Sadiq seçkilərin tam şəffaf və demokratik şəraitdə keçdiyini vurğulayıb, bu münasibətlə səmimi təbriklərini Prezident İlham Əliyevə çatdırmağı səfirdən xahiş edib.

PMA-nın sədri xalqlarımız arasında tarixi, mədəni və dini yaxınlığı haqqında danışmış, Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini tam dəstəklədiyini və bu siyasətin işğal olunmuş torpaqlar tam azad olunanadək davam edəcəyini bildirərək, Kəşmir məsələsində Pakistanı mövqeyini dəstəklədiyinə görə Azərbaycana minnətdarlıq ifadə edib.

S.A.Sadıq iki ölkə arasında enerji, yüngül sənaye, əczaçılıq, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu söyləyib, Pakistanın müdafiə sənayesinin inkişaf etdiyini və bu sahədə Azərbaycanla əməkdaşlığın səmərəli ola biləcəyini vurğulayıb.
Pakistan parlamentinin sədri 2012 və 2013-cü illərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın əyalətlərində həyata keçirilən humanitar yardımlara görə minnətdarlığını bildirib.

Görüşün sonunda S.A.Sadiq azərbaycanlı həmkarı Oqtay Əsədova ən xoş arzularını çatdırmağı səfirdən xahiş etmiş və məmnuniyyətlə Azərbaycana səfər etmək arzusunda olduğunu deyib.

Görüşdə Pakistan Milli Assambleyasının deputatları Raza Həyat Hirac, Mian Tariq Mehmood, Vahid Alam Xan, parlament administrasiyasının rəhbəri Kəramət Niyazi iştirak ediblər.


Teqlər:





Xəbər lenti