Bu il vəfat edən dünya məşhurları: Siyahıda eks-prezident, aktyor, müğənnilər də var - FOTOLAR

  17 Dekabr 2019    Oxunub : 8635
 Bu il vəfat edən dünya məşhurları: Siyahıda eks-prezident, aktyor, müğənnilər də var - FOTOLAR
2019-cu ildə dünyanın bir çox məşhur insanları dünyasını dəyişib. Onların arasında tanınmış siyasətçi, musiqiçi, aktyor, yazar və alimlər də var.
Azvision.az 2019-cu ildə vəfat edən tanınmışlarla bağlı məlumatları oxuculara təqdim edir:



Yanvarın 9-da SSRİ Ali Sovetinin sonuncu sədri Anatoli Lukyanov 88 yaşında vəfat edib. O, Sovet İttifaqının ən yüksək qanunverici orqanının başçısı postunu 1990-cı ilin martından 1991-ci ilin sentyabrına qədər tutub. A.Lukyanov, həmçinin 1993-cü ildən 2003-cü ilə kimi Rusiya Dövlət Dumasının deputatı olub.



Polşanın Qdansk şəhərinin meri Pavel Adamoviç yanvarın 14-də 53 yaşında sui-qəsd nəticəsində həlak olub. Belə ki, Adamoviç şəhərdə keçirilən konsert zamanı səhnədə bıçaqlanıb. O, 1998-ci ildən həmin şəhərin meri olub.



Yanvarın 15-də amerikalı aktrisa Kerol Çenninq 97 yaşında dünyasını dəyişib. K.Çenninq “Toni”, “Oskar” və “Qızıl qlobus” kimi mükafatlara layiq görülüb.



Türkiyənin məşhur aktrisası Ayşən Qruda yanvarın 23-də 74 yaşında vəfat edib. Onun peşəkar kariyerasında ilk rolu 1962-ci ildə çəkilən "Kongre Eğleniyor" filmindəki xidmətçi obrazı olub. Aktrisa 1977-ci ildə televiziyada yayımlanan əyləncə proqramında "Pomidor Gözəli Nahidə Şərbət" xarakterindən sonra Türkiyədə tanınmağa başlayıb.



Yanvarın 26-da fransalı bəstəkar Mişel Leqran 87 yaşında həyatını itirib. M.Leqran ən yaxşı mahnıya görə üç dəfə "Oskar" qalibi, həmçinin beş "Qremmi" mükafatının və bir "Qızıl Qlobus"un sahibi olub. Kino və televiziya filmləri üçün iki yüzdən artıq mahnı yazıb. O, "Şerburq çətirləri" kinofilminə yazdığı musiqi ilə məşhurlaşıb.



Rusiyanın məşhur reperi Kirill Tolmatski (Detsl) fevralın 3-də 35 yaşında ürəktutmasından dünyasını dəyişib.



Fevralın 5-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinin sabiq meri 61 yaşlı Vano Zodelava vəfat edib. V.Zodelava 2017-ci ilin iyulunda Azərbaycandan səfərdən qayıdan zaman taksidə olarkən Tbilisi yaxınlığında, Kvemo Poniçala ərazisində ağır yol qəzasına düşüb. Nəticədə taksi sürücüsü ölüb, V.Zodelava isə başından ciddi zədə alıb. O, koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Sabiq mer huşsuz vəziyyətdə, təxminən bir il yarım həkimlərin nəzarəti altında olub. V.Zodelava 1997-1998-ci illərdə Poti şəhəri, 1998-2004-cü illərdə isə Tbilisi şəhərinin meri olub.



Fevralın 8-də Rusiyanın tanınmış teatr və kino aktyoru Sergey Yurski 83 yaşında ölüb. Yurski “Görüş yerini dəyişmək olmaz”, “Məhəbbət və göyərçinlər”, "Qızıl buzov" kimi məşhur filmlərdə rol alıb. O, həmçinin “Dərviş Parisi partladır” (1976), "Şir evdən getdi" (1977) ekran əsərində də oynayıb.



“Ayrılıq” mahnısının sözlərinin müəllifi Rəcəb (Fərhad) İbrahimi Korabazlı fevralın 9-da həyatını itirib. O, bəstəkar və tarzən Əli Səlimi ilə tanış olduqdan sonra “Ağlama”, “Açıl Səhər” və “Ayrılıq” şeirlərini yazıb. “Ayrılıq” mahnısını ilk dəfə bəstəkarın həyat yoldaşı Fatma Qənnadi oxuyub, 1958-ci ildə Tehran radiosunda səsləndirilib. Mahnı 1963-cü ildə Tehrana səfər edən Rəşid Behbudova təqdim olunub. R.Behbudov ifasından sonra “Ayrılığ”ın şöhrəti İran, Cənubi və Şimali Azərbaycan sərhədlərini aşmağa başlayıb və ümumtürk dünyasının ən məşhur mahnılarından biri kimi tanınıb.



Fevralın 12-də İngiltərə milli komandasının sabiq qapıçısı Qordon Benks 81 yaşında dünyadan köçüb. Yığmanın heyətində 73 oyun keçirən Benks 1966-cı il dünya çempionatında İngiltərə millisinin heyətində qızıl medal qazanıb. O, FIFA tərəfindən 6 dəfə ilin ən yaxşı qapıçısı mükafatına layiq görülüb.



Türkiyə aşıq şeirinin nümayəndələrindən biri, Azərbaycanda “Ya Qarabağ, ya ölüm” mahnısı ilə məşhurlaşan Ozan Arif fevralın 13-də 69 yaşında vəfat edib. Tanınmış sənətçi qırtlaq xərçəngi xəstəliyindən əziyyət çəkirdi.



Fevralın 16-da isveçrəli məşhur aktyor Bruno Qanz 77 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Qanz karyerası ərzində 100-dən çox filmə çəkilib. Onun ən məşhur rolu isə "Untergang" ("Çöküş") filmində canlandırdığı Adolf Hitler obrazı olub. Qanz Avropa Film Mükafatları, Federal ləyaqət və Qızıl kamera kimi bir çox beynəlxalq mükafatlara layiq görülüb.



Martın 1-də Fizika üzrə Nobel mükafatı laureatı, akademik Jores Alfyorov 88 yaşında Sankt-Peterburq şəhərində ölüb. Alfyorov yüksəksürətli optoelektronika üçün heterostruktur yarımkeçicilərin inkişafı uğrunda apardığı tədqiqatlara görə 2000-ci ildə amerikalı Cek Kilbi və Herbert Kremerlə birlikdə Fizika üzrə Nobel mükafatına layiq görülüb. O, 1991-2017-ci illərdə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti olub.



İngiltərənin məşhur “The Prodigy” qrupunun banisi və vokalisti Kit Flint martın 4-də 49 yaşında dünyasını dəyişib.



Həmin gün Almaniyanın keçmiş xarici işlər naziri və Müstəqil Demokratlar Partiyasının əvvəlki sədri Klaus Kinkel 82 yaşında vəfat edib. K.Kinkel 1992-1998-ci illərdə xarici işlər naziri olub.



Martın 4-də “Beverly Hills,90210” serialında Dilan Makkey obrazı ilə tanınan aktyor Lyuk Perri 52 yaşında dünyadan köçüb. L.Perri karyerasına 1980-ci illərdə başlayıb. Ona dünya şöhrətini “Beverly Hills, 90210” serialındakı Dilan rolu gətirib.



Martın 9-da görkəmli Sovet və Rusiya teatr-kino aktyoru Vladimir Etuş 97 yaşında ölüb. Əslən yəhudi olan Etuş 30-dan çox filmə çəkilib. Teatrda isə 60-dək rolu ilə məşhurdur. Etuş Azərbaycan tamaşaçısına “Qafqaz əsiri və Şurikin macəraları”, “İvan Vasilyeviç sənətini dəyişir”, “12 stul”, “Solyaris”, “Buratinonun macəraları” filmlərindən tanışdır. 44 müxtəlif mükafatı olan aktyor “Vətənə xidmətə görə” ordeninin sahibidir.



İngiltərədə yaşayan əslən Təbrizdən olan atom alimi Fəraməz Əkbərian martın 12-də vəfat edib. F.Əkbərian uzun illər İngiltərənin atom sənayesinin inkişafında elmi-tədqiqatalar aparan alimlərdən olub. O həmişə İngiltərədə Azərbaycanla bağlı keçirilən tədbirlərdə fəal iştirak edirdi. Alimin həyat yoldaşı, İngiltәrә-Azәrbaycan Cәmiyyәtinin nümayәndәsi Fəridə Pənahova İngiltərədə Azəraycan diaspor fəaliyyətində və Ermənistan səfirliyi qarşısında keçirilən aksiyalarda fəallığı ilə seçilir.



Martın 16-da tanınmış rusiyalı müğənni Yuliya Naçalova 38 yaşında dünyasını dəyişib.



Gürcüstanın tanınmış kino və teatr aktyoru Nodar Mqaloblişvili martın 26-da 87 yaşında ölüb. N.Mqaloblişvili Mark Zaxarovun "Sevgi formulu" filmində yaratdığı qraf Kaliostro obrazı ilə daha çox populyarlıq qazanıb. Gürcüstanın Əməkdar və Xalq artisti fəxri adlarına layiq görülüb. N.Mqaloblişvili 2006-cı ildə kinorejissor Vaqif Mustafayevin lentə aldığı "Yoxlama" filmində "Çolaq" obrazını canlandırıb.



Aprelin 3-ü Rusiyanın Xalq artisti Aleksey Buldakov 68 yaşında dünyadan köçüb. Belə ki, məşhur aktyor dostunun ad günündə iştirak etmək üçün Monqolustana gedib. Anidən halı pisləşən Buldakov Ulan-Bator şəhərində vəfat edib.



Rusiyanın tanınmış rejissoru, SSRİ xalq artisti Georgi Daneliya aprelin 4-də 88 yaşında ürəktutmasından ölüb. Daneliya “Moskva boyunca gəzirəm”, “Otuz üç”, “Afonya”, “Mimino”, “Payız marafonu”, “Kin-dza-dza” kimi məşhur filmlərin rejissorudur.



Aprelin 26-da SSRİ-nin Xalq artisti Elina Bıstritskaya 91 yaşında vəfat edib. Aktrisa 1950-ci ildən kinoya çəkilib. 1980-ci ildən SSRİ Bədii Gimnastika Federasiyasının və SSRİ Teatr Xadimləri İttifaqının hərbi-vətənpərvərlik komissiyasına rəhbərlik edib. E.Bıstritskaya "Sakit don", "Könüllülər", "Nikolay Bauman" kimi ekran əsərlərindəki çıxışı ilə məşhur idi. O, 1991-ci ildə Azərbaycanın Xalq artisti, rejissor Rasim Ocaqovun “Qətldən yeddi gün sonra” filmində də rol alıb.



Mayın 8-də Rusiyanın tanınmış bəstəkarı, Xalq artisti Yevgeni Krılatov 85 yaşında həyatını itirib. Y.Krılatov 160-dan çox film və cizgi filminə musiqi yazıb. O, “Prostokvaşinoda tətil” cizgi filminə və “Elektronikin macəraları” filminə bəstələdiyi musiqilərlə yadda qalıb.



Hollivudun əfsanəvi aktrisası, müğənni Doris Dey mayın 13-də 97 yaşında dünyasını dəyişib. 1950-1960-cı illərdə ulduzu parlayan aktrisa 30-dan çox filmdə çəkilib. O, “Oskar”, “Qremmi” mükafatlarına layiq görülüb, 2004-cü ildə Corc Buş tərəfindən “Azadlıq” medalı ilə təltif olunub.



Mayın 14-də dünya şöhrətli yumor ustası Tim Konuey 86 yaşında vəfat edib. Aktyor “Qızıl Qlobus” və “Emmi” mükafatlarının laureatı olub. O, “Kerol Bernett Şou” və “MakHeyl donanması” serialları ilə tanınıb.



Çin əsilli ABŞ memarı Bey Yuymin mayın 16-da 102 yaşında ölüb. B.Yuymin bir çox məşhur binaların - Dohada İslam incəsənət muzeyi, Sinqapurda Bank ofisi, Bostonda Con-Xenkok qülləsi - memarıdır. Onun ən uğurlu işi Fransanın Paris şəhərində yerləşən “Luvr Piramidası”dır.



Mayın 20-də "Formula 1" üzrə keçmiş dünya çempionu Niki Lauda 71 yaşında dünyadan köçüb. Üçqat dünya çempionu olmuş Lauda 1976-cı ildə ağır qəzaya düşərək çoxsaylı yanıq xəsarətləri almasına baxmayaraq, cəmi 6 həftə sonra yenidən idmana qayıdıb. O, yanıq xəsarətlərinin yerlərini qırmızı şapkası ilə örtüb.



İyunun 6-da Rusiyanın tanınmış aktyoru Aleksandr Kuznetsov 60 yaşında vəfat edib. 70-dən çox filmdə rol alan A.Kuznetsov tamaşaçıların yaddaşında “Ciddi rejimli komediya”, “Planetlər paradı” ilə yadda qalıb. Aktyor son dəfə “Falçı” teleserialında rol alıb.



Məşhur italyan rejissoru Franko Dzeffirelli iyunun 15-də 96 yaşında ölüb. Dzeffirelli kino sahəsində “Kempinq” adlı qısametralı filmi ilə debüt edib. Ona kinoda Şekspirin əsərlərinə çəkdiyi filmlər məşhurluq gətirib. Dzeffirelliyə “Romeo və Culyetta” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında Oskar mükafatı verilib.



İyunun 17-də Misirin sabiq prezidenti Məhəmməd Mursi 67 yaşında Qahirədə dünyasını dəyişib. O, əsas dövlət müttəhimi kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında ölüb. M.Mursi ölkə rəhbərliyindən 2013-cü ildə kənarlaşdırılmışdı.



Cənubi Azərbaycanın tanınmış xanəndəsi Huşəng Azəroğlu iyunun 19-da vəfat edib. Müğənni Əli Səliminin bəstələdiyi “Sizə salam gətirmişəm” mahnısını ifa etdikdən sonra Türkiyədə məşhurlaşıb. O həmin mahnıya görə 1985-ci ildə Türkiyənin prezidenti Turqut Özal tərəfindən “Qızıl Kəpənək” mükafatı ilə təltif olunub.



İyulun 3-də Türkiyənin tanınmış şairi Kiçik İsgəndər ləqəbi ilə tanınan Derman İskender Över 55 yaşında dünyadan köçüb. Ədəbiyyat aləmində daha çox şair kimi məşhurlaşan Kiçik İsgəndər roman, esse kimi janrlara da müraciət edib. Bir sıra mükafatlar qazanıb. O, məşhur “Ağır roman” filmində özünü aktyor kimi də sınayıb.



Musiqi üslubu bossa-novanın banilərindən biri olan Juan Jilbertu iyulun 6-da 88 yaşında ölüb. Onun debüt “Chega de Saudade” (1959) albomu bossa-nova üslubunun əsasını qoyan səsyazmalardan biri hesab olunur. Bossa-nova Braziliya xalq mahnıları ilə caz elemenlərinin sintezi olan musiqi üslubudur.



İyulun 6-da "Disney Channel" TV-sinin ulduz aktyoru Kameron Boys 20 yaşında ürəktutmasından vəfat edib. Gənc aktyor karyerasına 9 yaşında başlayıb. O, "Jessie", "Descendants", "Grown Ups" və s. "Disney" filmlərində çıxış edib.



2014-cü ildən Tunisə rəhbərlik edən Beji Kaid əs-Sebsi iyulun 25-də 92 yaşında dünyasını dəyişib.



Avqustun 5-də Ədəbiyyat üzrə Nobel mükafatçısı və Pulitzer mükafatının sahibi Toni Morrison 89 yaşında son mənzilə yola salınıb. Yazıçıya Pulitzer mükafatı 1988-ci ildə “Beloved” romanına görə verilib. Nobel mükafatına layiq görülən Morrison tarixdə bu mükafatı almış ilk qaradərili qadın yazıçıdır. O, sonuncu romanını (“God Help the Child”) 2015-ci ildə yazıb. Morrisonun ədəbi yaradıcılığına 11 roman, hekayələr, uşaqlar üçün əsərlər daxildir.



Amerika aktyoru Piter Fonda avqustun 16-da 80 yaşında həyatını itirib. Fond aktyor Henri Fondun oğlu, Ceyn Fondun qardaşıdır. O, tamaşaçılara daha çox “Qayğısız atlı” filmindən tanışdır. Aktyor iki dəfə “Qızıl qlobus” mükafatına layiq görülüb.



Avqustun 19-da Türkiyənin Mədəniyyət nazirinin müavini Ahmet Haluk Dursun yol qəzasında həlak olub. Professor H.Dursun 2018-ci ildən Mədəniyyət nazirinin müavini işləyirdi.



Məşhur amerikalı aktrisa Valeri Harper avqustun 30-da 80 yaşında vəfat edib. V.Harper tamaşaçıların yaddaşında daha çox “Valeri”, “Mələyin toxunuşu”, “Klivlenddəki gözəlçələr” və s. filmlərdə canlandırdığı obrazlarla qalıb.



Sentyabrın 1-də məşhur ispan müğənnisi və rəqqasə Coana Sainz bədbəxt hadisə nəticəsində həyatını itirib. Belə ki, konsert zamanı atılan fişəng səhv istiqamət alaraq onun qarın nahiyəsinə dəyib və müğənni həlak olub. Onun 30 yaşı var idi.



Zimbabvenin eks-prezidenti Robert Muqabe sentyabrın 6-da 95 yaşında vəfat edib. R.Muqabe 1980-1987-ci illərdə Zimbabvenin Baş Naziri vəzifəsində çalışıb. 1987-ci ildən 2017-ci ilə kimi ölkənin Prezidenti olub.



Sentyabrın 11-də İndoneziyanın sabiq prezidenti Buharuddin Yusuf Habibi 85 yaşında dünyadan köçüb. Habibi İndoneziyanın sayca 3-cü prezidenti olub. Onun prezidentlik dövrü 21 may 1998-ci ildən 20 oktyabr 1999-cu ilədək olan müddəti əhatə edir.



Tanınmış porno ulduz və model Cessika Ceyms sentyabrın 17-də 46 yaşında vəfat edib.



Sentyabrın 19-da Tunisin ikinci prezidenti Zeynalabdin bin Əli 83 yaşında dünyasını dəyişib.



Sentyabrın 21-də alman kosmonavtı Ziqmund Yen 83 yaşında həyatını itirib. O, 1978-ci ildə Valeri Bıkovski ilə birlikdə Aya uçub.



Fransanın sabiq Prezidenti Jak Şirak sentyabrın 26-da 86 yaşında dünyasını dəyişib. J. Şirak 1974-1976 və 1977-1986-cı illərdə Fransanın Baş naziri, 1988-1995-ci illərdə Paris şəhərinin meri, 1995-2007-ci illərdə isə Fransa Prezidenti olub.



Oktyabrın 2-də gürcü bəstəkar Giya Kançeli 84 yaşında vəfat edib. G.Kançeli opera və simfoniyalarla yanaşı teatr tamaşaları üçün də musiqilər yazıb. Bununla yanaşı, “Mimino”, “Kin-dza-dza” və başqa filmlərə yazdığı musiqilərlə də yadda qalıb.



Sovet kosmonavtı Aleksey Leonov uzun sürən xəstəlikdən sonra oktyabrın 11-də 86 yaşında dünyadan köçüb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı olan Leonov açıq kosmosa çıxan ilk insan olub. O, Yuri Qaqarinlə dostluq edib.



Oktyabrın 13-də tanınmış gürcü rejissorru Mixeil Kobaxidze 80 yaşında xəstəlikdən vəfat edib. Kobaxidze bir neçə filmin müəllifidir.



İŞİD lideri Əbu Bəkr əl-Bağdadi oktyabrın 27-də ABŞ hərbçilərinin Suriyanın İdlib əyalətində keçirdiyi xüsusi əməliyyat zamanı məhv edilib.



Oktyabrın 27-də məşhur sovet dissidenti, hüquq müdafiəçisi və yazıçı Vladimir Bukovski 76 yaşında vəfat edib. V. Bukovski “Moskva Prosesi” kitablarının müəllifidir. Ömrünün 12 ili həbsxanalarda və məcburi müalicədə keçib, 1976-cı ildə SSRİ-dən qovulduqdan sonra Böyük Britaniyada yaşamağa başlayıb.



Noyabrın 2-də fransız aktrisa Mari Lafore İsveçrənin Jenolye şəhərində dünyasını dəyişib. M.Lafore aktrisalıqla yanaşı, müğənnilik fəaliyyəti ilə də məşhur idi.



Dekabrın 6-da amerikalı aktyor Ron Libman 82 yaşında ölüb. Libman 1979-cu ildə “Kez” serialındakı roluna görə “Emmi”yə, 1993-cü ildə “Mələklər Amerikada” tamaşasındakı roluna görə isə “Toni” mükafatına layiq görülüb. O, “Dostlar” serialındakı doktor Leonard Qrin obrazı ilə məşhurluq qazanıb.



Moskvanın sabiq meri Yuri Lujkov dekabrın 10-da 84 yaşında dünyadan köçüb. Y.Lujkov 1992-2010-cu illərdə Moskvanın meri olub. 2010-cu ildə o zamankı Prezident Dmitri Medvedevin qərarı ilə “etibarın itirilməsi ilə əlaqədar” vəzifəsindən azad edilib. 2016-cı ilin sentyabrında Prezident Vladimir Putin onu IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.



Dekabrın 14-də dünya şöhrətli fransalı aktrisa Anna Karina 79 yaşında vəfat edib. A.Karina tamaşaçılara “Viktoriya”, “Çarli haqda həqiqət” və “Jenomor” filmləri ilə tanışdır. Anna Jan-Lük Qodarın “Qadın qadındır” filminə görə Berlin kinofestivalının “Ən yaxşı aktrisa” mükafatının sahibi olub.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Xarici   Tanınmış   Vəfat   2019