İŞİD Orta Asiyaya hücuma hazırlaşır - Patruşevdən xəbərdarlıq

  18 Dekabr 2019    Oxunub : 2406
İŞİD Orta Asiyaya hücuma hazırlaşır - Patruşevdən xəbərdarlıq
İŞİD terror qruplaşması Əfqanıstanda möhkəmlənməkdə davam edir və Orta Asiyaya hücum üçün özünə plasdarm hazırlayır.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İranın paytaxtı Tehran şəhərində keçirilən Əfqanıstan üzrə Təhlükəsizlik Şurası katiblərinin və milli təhlükəsizlik müşavirlərinin iclasında bildirib.

"Bir il əvvəl keçirilən son görüşümüzdən sonra Əfqanıstanda təhlükəsizlik sahəsində vəziyyət qeyri-sabit olaraq qalır və pisləşməyə doğru tendensiya müşahidə olunur. Ən böyük narahatlıq İŞİD-in güclənməsidir".

Onun sözlərinə görə, Əfqanıstanda 600-dən çox yaraqlının məhv edilməsi və ya tutulması ilə nəticələnən hökumət qüvvələrinin son əməliyyatlarına baxmayaraq, müxtəlif mənbələrə əsasən, ölkədə 2,5 - 4 min arası terrorçu qalmaqdadır.

"İŞİD hazırda iki mindən çox hərbçinin cəmləşdiyi Əfqanıstanın şimalındakı mövcudluğunu gücləndirməkdədir. Bu, “Taliban” radikal qruplaşmasına qarşı mübarizə, eyni zamanda Tacikistan və Türkmənistan üzərindən Orta Asiya bölgəsinə qarşı hücumların təşkili məqsədilə edilir”, - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib.

Patruşev hesab edir ki, İŞİD-in əsas qalası Əfqanıstanın şərqində yerləşir, Suriyaİraqdan bu ölkəyə yeni yaraqlılar gəlir: "Əldə edilmiş məlumata görə, terror qruplaşmasının prioritet hədəfləri infrastruktur obyektləri, hüquq-mühafizə orqanları və diplomatik nümayəndəliklər, habelə xarici vətəndaşlar ola bilər".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İŞİD   Rusiya