Koçaryanın həbsdən çıxması üçün komissiya yaradıldı

Koçaryanın həbsdən çıxması üçün komissiya yaradıldı
  18 Dekabr 2019    Oxunub:2157
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsdən azad olunmasını tələb edən komissiya yaradılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin keçmiş deputatı, “Daşnaktsutyun” partiyasının sabiq üzvü Aqvan Vardanyan deyib.

“Bir müddət əvvəl yüzə yaxın ictimai, siyasi, mədəni, idman dairələrinin nümayəndələri Koçaryanı dəstəkləyən bəyanat vermişdilər. Onlar hakimiyyəti şəxsi ambisiyalardan güclü olmağa, məhkəmə sisteminə təzyiqləri dayandırmağa çağırıblar. Həmçinin, Koçaryanın sərbəst buraxılmasının sosial həmrəyliyə təkan verəcəyinə ümid etdiklərini də söyləyiblər", - deyə Vardanyan bildirib.

Onun sözlərinə görə, artıq 60 minə yaxın şəxs bu bəyanatı imzalasa da, hakimiyyətin mövqeyi dəyişməyib: “Perspektivsiz siyasət davam edir. Bu gün ictimai həyatda gərginliyin səbəbi 1 mart işinin inkişafı, Koçaryanın qanunsuz həbsidir. Aydındır ki, Koçaryana verilən ittihamın 10 nəfərin ölümünün səbəblərinin açılması ilə heç bir əlaqəsi yoxdur".

Vardanyanın fikrincə, Koçaryanın həbsdə saxlanılması dövlət üçün zərərlidir: “Koçaryanın həbsi nə dövlətə, nə də vətəndaşlara heç nə vermir. Sabiq prezident barəsində verilən həbs qətimkan tədbirini dəyişdirmək lazımdır. Bu məsələ ictimai tələbə çevrilməlidir. 60 min imzanı nəzərə alaraq, Koçaryanın həbsdən azad edilməsi məqsədini daşıyan komissiya yaradıldı".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti