Bu il dünyasını dəyişən sabiq prezidentlər - FOTOLAR
İyunun 17-də Misirin sabiq prezidenti Məhəmməd Mursi 67 yaşında Qahirədə vəfat edib. O, əsas dövlət müttəhimi kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında ölüb. M.Mursi ölkə rəhbərliyindən 2013-cü ildə kənarlaşdırılmışdı.
2014-cü ildən Tunisə rəhbərlik edən Beji Kaid əs-Sebsi iyulun 25-də 92 yaşında dünyasını dəyişib. O, 1965-1969-cu illərdə Tunisin daxili işlər naziri, 1969-1970-ci illərdə müdafiə naziri vəzifəsində çalışıb. Əs-Sebsi ölkəsində 5 il nazir kimi fəaliyyət göstərdikdən sonra Tunisin Fransada səfiri təyin edilib. 1981-ci ilin aprel ayında Məhəmməd Mzalın rəhbərliyi ilə təşkil edilmiş kabinetdə xarici işlər naziri vəzifəsini icra edib. Əs-Sebsi 5 il bu vəzifədə işləyib və 1986-cı ilin sentyabr ayında vəzifəsindən ayrılıb. 1987-ci ildə Almaniyaya səfir təyin olunub. 1990 və 1991-ci illərdə Tunis Nümayəndələr Məclisinin sədri seçilib. Əs-Sebsinin parlamentdəki son vəzifəsi 1994-cü ildə başa çatıb.
Zimbabvenin eks-prezidenti Robert Muqabe sentyabrın 6-da 95 yaşında vəfat edib. R.Muqabe 1980-1987-ci illərdə Zimbabvenin Baş Naziri vəzifəsində çalışıb. 1987-ci ildən 2017-ci ilə kimi ölkənin Prezidenti olub.
Sentyabrın 11-də İndoneziyanın sabiq prezidenti Buharuddin Yusuf Habibi 85 yaşında dünyadan köçüb. Habibi İndoneziyanın sayca 3-cü prezidenti olub. Onun prezidentlik dövrü 21 may 1998-ci ildən 20 oktyabr 1999-cu ilədək olan müddəti əhatə edir.
Sentyabrın 19-da Tunisin ikinci prezidenti Zeynalabdin bin Əli 83 yaşında vəfat edib.
Fransanın sabiq Prezidenti Jak Şirak sentyabrın 26-da 86 yaşında dünyasını dəyişib. J. Şirak 1974-1976 və 1977-1986-cı illərdə Fransanın Baş naziri, 1988-1995-ci illərdə Paris şəhərinin meri, 1995-2007-ci illərdə isə Fransa Prezidenti olub.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Vəfat Eks-prezident