Tənha yaşayan xalq artisti yatağa düşdü - ÖZƏL

Tənha yaşayan xalq artisti yatağa düşdü - ÖZƏL
  18 Dekabr 2013    Oxunub:5685
Azərbaycan kinosunun və teatr səhnəsinin incilərindən biri olan Səfurə İbrahimovanın illərdir ki, qapalı həyat tərzi keçirildiyi barədə məlumat vermişdik. Qeyd edək ki, o, 2005-ci ildə səhhətində problem yarandığına görə işlədiyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrını tərk edib.

Artıq xeyli müddətdir ki, xalq artisti ilə nə həmkarları, nə də ki, ən yaxın qohumları əlaqə yarada bilmirlər. Aktrisa sənətdən uzaqlaşdığı kimi insanlardan da uzaqlaşıb.



Mətbuat nümayəndələri onun haqqında məlumat əldə etmək istəsə də, hər dəfə onların cəhdləri cavabsız qalıb.

AzVision.az olaraq biz də aktrisa ilə yeni il qabağı əlaqə yaradıb hal -əhvalını tutduq.

Xalq artisti həmişəki kimi tənha olduğunu və tək yaşadığını bildirdi. Hazırda evdə xəstə yatan Səfurə İbrahimova çətin vəziyyətdə olsa da yaxınlarının ona baş çəkməsini özü istəmədiyini dedi.

“Evdə xəstə yatıram. Havaların soyuması səhhətimə çox pis təsir edib. 3 İl bundan qabaq ayağımdan əməliyyat olunmuşdum. Ayağımı həkimlər pis vəziyyətə qoydular. Görünür onlar kimdənsə sifariş almışdılar. Indi də havalar soyan kimi ayağımdan ağrılarım başlayır. Üstəlik də orqanizmim çox zəifləyib. Buna baxmayaraq, kiminsə gəlib mənə qulluq etməsini də istəmirəm. Mənə lazım deyil. Kimsə gəlib mənim əsəblərimlə oynayacaqsa gəlməsin. Bir təhər özüm –özümə baxıram. Həyatdır heç nəyi bilmək olmur”.



Xanım aktrisa mənzilini təmir etdirsə də istlik sisteminin işləmədiyini bildirib və buna görə də evdə təmir işləri aparan ustaları günahlandırıb.

“Evim çox soyuqdur . Evdə durmaq olmur. İstilik peçim xarab olub. Evdə təmir işləri aparan ustalar isə məni aldatdılar. Onları kimsə öyrədib mənim evimə göndərmişdi ki, hər şeyi başdansovdu etsin. Televizorum da işləmir. Arada bir qəzet, əlimə düşəndə kitab oxuyuram”.



Xalq artisti yeni ildə heç kimi təbrik etmək istəmədiyini, yataq xəstəsi olduğunu deyib. O həmçinin xəstə yatdığına görə kimisə evinə qonaq qəbul etmək əhval ruhiyyəsində olmadığını qeyd edib.



Ona verilən suallara daha “çox bilmirəm”, “söz vermirəm” ifadələri cavab verən Səfurə İbrahimova cəhdlərimizə baxmayaraq bizi də evinə qəbul etmədi. 75 yaşlı Səfurə xanım heç kimlə ünsiyyət qurmur. Heç teatrla da maraqlanmır. Bacıları və qardaşları ilə əlaqə saxlamır. Onlarla da heç bir əlaqəsi yoxdur.

Xalq artisti hazırda dövlət tərəfindən ayrılan 1000 manat məbləğində təqaüdlə dolanır. Ona elə dövlət tərəfindən verilən evdə tək yaşayır.



Hələ 2008-ci ildə də onu təbrik etmək üçün gələn həmkarlarının üzünə qapısını açmamışdı. Bu gün isə Səfurə xanım insanlarla yanaşı, uğrunda ailəsini qurban verdiyi sənətindən də küsüb. Evlilik həyatı qısamüddətli olan Səfurə İbrahimovanın övladı olmayıb.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti