Fransa və Türkiyə ilə hərbi əməkdaşlıq

Fransa və Türkiyə ilə hərbi əməkdaşlıq
  19 Dekabr 2013    Oxunub:882
Azərbaycan və Türkiyə arasında hərbi sahədə əlaqələrin inkişafı perspektivləri müzakirə olunub. Azərbaycan və Fransa arasında 2014-cü il üçün müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı imzalanıb.
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər İdarəsinin rəisi korpus generalı Alpaslan Erdoğanı qəbul edib.

AzVision.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, qonaq Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən Bakıda təşkil edilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqunun növbəti toplantısının fəaliyyətindən məmnun qaldığını bildirib, hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.

Silahlı Qüvvələrin inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdıran müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyətindən danışaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyini qeyd edib.
Sonra Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında əlaqələrin inkişafı perspektivləri və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqun və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak ediblər.

Eləcədə dekabrın 17-də Bakı şəhərində Azərbaycan-Fransa ikitərəfli hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr keçirilib.

AzVision.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, tədbir zamanı ölkələrimiz arasında hərbi-təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrin yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının Müdafiə Nazirliyi arasında 2014-cü il üçün müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı" imzalanıb.

Fransa nümayəndə heyətinə Birləşmiş Qərargahın Beynəlxalq Əlaqələr İdarəsinin Qafqaz, Mərkəzi Asiya, Rusiya Federasiyası və Ukrayna üzrə bürosunun rəisi 1-ci dərəcəli kapitan Aleksis Viler rəhbərlik edib.


Teqlər:





Xəbər lenti