Aktauda Nizami Gəncəvi tədbiri

Aktauda Nizami Gəncəvi tədbiri
  19 Dekabr 2013    Oxunub:1177
Aktauda dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunan tədbir keçirildi.
Azərbaycanın Aktaudakı baş konsulluğunun və bu şəhərin akimliyinin (meriya) təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunan tədbir keçirilib.

Baş konsulluqdan AzVision.az -a bildiriblər ki, tədbir Aktauda fəaliyyət göstərən “Dostluq” Azərbaycan Milli Mədəni Mərkəzi və Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetindəki Azərbaycan Respublikasının Tarixinin və Mədəniyyətinin Tədqiqatı Mərkəzi tərəfindən təşkil edilib.

Aktaudan “Abay” mədəniyyət evində keçirilən tədbirə şəhər ictimaiyyətinin, dövlət qurumlarının, diplomatik korpusun nümayəndələri və Azərbaycan diasporunun təmsilçiləri qatılıblar.

Mərasimdə baş konsul Rəşad Məmmədov çıxış edərək dahi şair Nizami Gəncəvinin həyatı və zəngin ədəbi yaradıcılığı haqqında məlumat verərək, tədbirin təşkilinə göstərdiyi dəstəyə görə Aktau akimliyinə təşəkkür etdi.

Aktau şəhərinin akimi Edil Janbırşin Qazaxıstanda yaşayan xalqlarla bağlı aparılan siyasət, bu istiqamətdə həyata keçirilən dövlət proqramları haqqında məlumat verib.

Azərbaycan Respublikasının Tarixi və Mədəniyyətinin Tədqiqatı Mərkəzinin rəhbəri Yusif Quliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru Vəfa Hacıyeva tədbirin əhəmiyyətini vurğulayıb, böyük şairin həyatı, zəngin yaradıcılığı ilə bağlı məlumat veriblər.

Tədbirdə Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri Nizami Gəncəvinin şeirlərini söyləyiblər. Həmçinin 1982-ci ildə çəkilən, SSRİ Xalq Artisti Müslüm Maqomayevin baş rolu oynadığı “Nizami” filmi nümayiş etdirilib.


Teqlər:





Xəbər lenti