Özbəkistanda Azərbaycan filmləri sevilir

Özbəkistanda Azərbaycan filmləri sevilir
  19 Dekabr 2013    Oxunub:1268
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi açıldı.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Nizami Gəncəvi adına Özbəkistan Dövlət Pedaqoji Universitetində (ÖDPU) Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin açılışı olub.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin və AMM-in əməkdaşları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin (ÖADC) rəhbərləri, universitetin professor-müəllim heyəti, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov ölkəmizdən xüsusi olaraq mərkəzin açılışına dəvət edilib.

Universitetin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Şavkat Şaripov və AMM-in direktoru Samir Abbasov qırmızı lenti kəsmiş, iştirakçılar mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Mərkəzdə Azərbaycanın və Özbəkistanın dövlət bayraqları, ölkəmizin tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı müxtəlif kitablar, Azərbaycan xalçaları və qədim filmlərimiz, milli musiqilərimizdən ibarət disklər yer alıb və arzu edənlərə belə kitablar və disklər hədiyyə edilir.

Universitetin müəllimi, filologiya elmləri namizədi Gülbahar Aşurova mərasimi açaraq bildirib ki, bu mərkəz Özbəkistan və Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətini təbliğ edəcək. Burada Azərbaycan və özbək şairlərinin yaradıcılıq və xatirə gecələrinin keçirilməsi nəzərdə tutulur.

Şavkat Şaripov mərasimdəki çıxışında deyib ki, bu mərkəz özbək və Azərbaycan xalqlarının dostluğunu, mədəniyyətini, ədəbiyyatını, incəsənətini əks etdirir. Burada Azərbaycan dili kursları fəaliyyət göstərəcək və həftədə bir gün Azərbaycan filmləri nümayiş etdiriləcək. Onun sözlərinə görə, Özbəkistanda “Arşın mal alan”, “Qaynana”, “Əhməd haradadır?” kimi klassik filmlər çox məşhurdur. Burada müəllim və tələbələrimiz yeni Azərbaycan filmlərinə baxmaq imkanı da əldə edəcəklər.

AMM-in direktoru Samir Abbasov bu mərkəzin yaradılmasına göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, ölkəmizin Özbəkistandakı səfirliyinə, Azərbaycan Dövlət Rəsm Qalereyasına minnətdarlığını bildirib. O deyib ki, ÖDPU-də belə bir mərkəzin yaradılması xalqlarımız və dövlətlərimiz arasında mədəniyyət, ədəbiyyat və incəsənəti sahəsində əlaqələrin inkişafına yardım edəcək.

ÖADC-nin icraçı direktoru Erkin Nuritdinov, ÖDPU-nun filologiya fakültəsinin dekanı İnamcon Azimov və başqaları əmin olduqlarını bildiriblər ki, bu mərkəz universitetin müəllim və tələbələri arasında populyar bir məkana çevriləcək.


Teqlər:





Xəbər lenti