Amerika kəşfiyyatında islahatlar başlayacaq
AzVision.az Qərb mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın İnformasiya Texnologiyaları və Kəşfiyyat üzrə Komissiyası Obamanı xarici ölkə liderləri və vətəndaşlarının dinlənilməsi qaydalarını dəyişməyə çağırıb.
Xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snoudenin dünya liderlərinin dinlənilməsi ilə bağlı ifşaedici sənədləri yaymasından sonra, ABŞ-ın bir neçə ölkə, xüsusən Almaniya və Braziliya ilə münasibətləri gərginləşmişdi.
Hazırda ABŞ-ın İnformasiya Texnologiyaları və Kəşfiyyat üzrə Komissiyası, ABŞ kəşfiyyatını elektron kütləvi dinləmələrdən imtina etməyə çağırır. Bunun əvəzinə, dəqiq məlumatlar əsasında fərdi dinləmələrin həyata keçirilməsini məsləhət görür. Komissiyanın 300 səhifəlik hesabatında Obamaya 46 təklif verilib.
Amerika kəşfiyyatının gələcək iş prinsipləri ilə bağlı Barak Obama, 2014-cü ilin yanvarında Senat qarşısında xüsusi çıxış edəcək. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Yanvarda prezident görülən işlərin yekunu barədə Amerika xalqı və beynəlxalq ictimaiyyətə müraciət edəcək”. Amerika prezidentinin Milli Təhlükəsizlik Agentliyinin rəhbəri vəzifəsinə mülki şəxs təyin olunmasını təklif edəcəyi gözlənilir.
Xatırladaq ki, Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden xüsusi xidmət orqanlarının dünya üzrə həyata keçirdiyi dinləmələrlə bağlı məxfi sənədlər yayıb və bundan sonra Rusiyaya qaçaraq siyasi sığınacaq əldə edib.
Vüqar İsmayılov