Fuad Ələsgərov: `Könüllülər böyük uğurlara imza atacaq`

Fuad Ələsgərov: `Könüllülər böyük uğurlara imza atacaq`
  19 Dekabr 2013    Oxunub:2845
“ASAN könüllüləri dövlət idarəçiliyində XXI əsrin tələblərinə cavab verən yeni yanaşmanın və gənclərin dövlət idarəçiliyində iştirakının sintezidir”. Bu sözləri ASAN könüllülüləri Gənclər Təşkilatının Bakı Biznes Mərkəzində keçirilən I qurultayında Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

O bildirib ki, dövlət başçısının müəllifi olduğu “ASAN xidmət” konsepsiyası dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının qarşısının alınması, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasına yönəlib.

“Cənab Prezidentin tapşırığı ilə ötən il ərzində Bakı şəhərində 3, Sumqayıt şəhərində 1 ASAN xidmət mərkəzi istifadəyə verilib. Yaxın günlərdə isə Gəncə şəhərində yeni xidmət mərkəzi fəaliyyətə başlayacaq. ASAN xidmət mərkəzlərinin olmadığı regionların sakinləri ilk dəfə olaraq səyyar xidmətlərdən yararlanıblar. Xüsusi avadanlıqlarla təchiz edilmiş səyyar avtobuslar - mobil ASAN-lar 37 rayonu əhatə etməklə 60 minədək vətəndaşa səyyar xidmət göstəriblər. Xidmətlərin həyata keçirilməsində ən müasir texnologiyalardan istifadə olunub”,- deyə Fuad Ələsgərov bildirib.

PA-nın şöbə müdiri qeyd edib ki, “ASAN xidmət” müasir innovativ konsepsiya kimi bir sıra dövlətlərin və beynəlxalq təşkilatların diqqətini cəlb edib. Prezident İlham Əliyevin dediyi kimi ASAN Xidmət xalqa xidmət sahəsində Azərbaycan brendinə çevrilib.

Onun sözlərinə görə, ASAN dövlət qulluğuna daha bir yenilik gətirib Bu da dövlət orqanlarının fəaliyyətinə könüllülərin cəlb edilməsidir: “Könüllülər ASAN-nın fəaliyyətinə intuziazmları və müasir dünya görüşləri ilə pozitiv enerji və töhfələrini veriblər. Digər tərəfdən isə, gələciyini dövlət qulluğu ilə bağlamaq istəyən hər kəs təcrübə əldə etmək imkanları qazanıb.

- ASAN xidmət mərkəzlərində könüllü fəaliyyəti ilə siz həm öz dünyagörüşünüzü, təcrübənizi artırırsınız, həm də dövlət qulluqçularının yetişən yeni nəslini təmsil etməklə xalqımıza, dövlətçiliyimizə xidmət edirsiniz,- deyə Fuad Ələsgərov könüllülərə müraciət edib- Bu günədək ASAN xidmət mərkəzlərində 700-dən çox könüllü xidmət göstərib. Onlar vətəndaşlara sənədlərin hazırlanmasında, növbə tutmasında, maariflənmədə böyük həvəslə köməklik göstərmiş, xidmət mərkəzlərinin işində yaxından iştirak ediblər. Könüllülər sosial şəbəkələrdə də fəallıq göstərərək ASAN Xidmətin hansı funksiyaları yerinə yetirdiyini, buradakı şəffaflığı, operativliyi təbliğ ediblər. Bu gün həmin könüllülər birləşərək “ASAN Könüllüləri gənclər təşkilatı”nın əsasını qoyacaqlar. Biz əminik ki, ASAN xidmətdə təcrübə toplamış könüllülər təşkilatlanaraq daha böyük uğurlara imza atacaqlar. Dövlət əhəmiyyətli tədbirlərdə, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin təşkilində yaxından iştirak edəcəklər, bu təcrübənin digər ölkələrdə tətbiqi üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcəklər.

Fuad Ələsgərov bildirib ki, artıq ASAN könüllüləri İDEA, YARAT kimi humanist dəyərləri təbliğ edən təşkilatların bir sıra tədbirlərinin həyata keçirilməsində iştirak ediblər. Onlar Gənclər təşkilatlarının Milli Şurası, İrəli kimi yerli təşkilatlarla sıx əməkdaşlıq edir, beynəlxalq tələbə təşkilatı AİESEC (aysek), Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA), Avropa Tələbə Hərəkatı AEGEE (eygi), Avropa Gənclər Parlamenti və digər beynəlxalq təşkilatlarla tərəfdaşlıq barədə razılığa gəliblər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti