Qarabağda ölən erməni əsgərin yaxınları etiraza qalxdı

Qarabağda ölən erməni əsgərin yaxınları etiraza qalxdı
  26 Dekabr 2019    Oxunub:2484
Qarabağda naməlum şəraitdə ölən erməni əsgərin yaxınları İrəvanda hökumət binasının qarşısında etiraz aksiyası keçirir.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, onlar ölüm işinin şəffaf araşdırılmasını və baş nazir Nikol Paşinyanla görüş tələb edirlər.
Qeyd edək ki, dekabrın 2-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində erməni əsgər Artur Acamyan naməlum şəraitdə güllə yarasından ölüb. Digər hərbçi David Melikbekyan isə yaralanıb. İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb.

Hökuməti binası yaxınlığında polis əməkdaşları ilə öldürülən əsgərin yaxınları arasında dava düşüb. Əsgər anası Paşinyanla görüşmək üçün binaya girməyə cəhd edib. Polis qapının qarşısında dayanaraq qadının binaya daxil olmasının qarşısını alıb. Aksiya iştirakçıları polis səddini yarmağa çalışıblar. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb.

Daha sonra əsgərin qohumları Respublika meydanında avtomobil yolunu bağlayıblar. Vətəndaşların qəbulu şöbəsinin müdiri Alexander Kazaryanın gəlişindən sonra gərginlik bir qədər səngiyib.

"Paşinyana deyin ki, camaat onunla görüşməyi tələb edir. Qoy bizim yanımıza gəlsin", - deyə nümayişçilər Kazaryana bildiriblər.

Buna cavab olaraq Kazaryan iclas keçirildiyini və indi tələblərinin yerinə yetirilməyəcəyini söyləyib. Ölən əsgərin yaxınları isə görüşün sonuna qədər gözləməyi qərara alıblar. Hökumət başçısı onlarla görüşməyəcəyi təqdirdə yolları bağlayacaqlarını bəyan ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Qarabağ   Etiraz   Aksiya  





Xəbər lenti