Balet artisti “Şəms” Milli Mükafatına layiq görülüb

Balet artisti “Şəms” Milli Mükafatına layiq görülüb
  26 Dekabr 2019    Oxunub:5462
Akademik Musiqili Teatrın balet artisti “Şəms” Milli Mükafatına layiq görülüb.
Azvision.az xəbər verir ki, klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi, şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi və “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, beynəlxalq festivallar laureatı, Əməkdar artist Emin Əliyev "Nəsimi” promo-rolikinə görə "İmedia Group”un təsis etdiyi "Şəms" Milli Mükafatına layiq görülüb.

Respublikamızın mədəniyyət və incəsənət xadimləri, dövlət məmurları, iş adamları, ictimai-siyasi fəallarını bir araya toplayan bu mərasimdə dahi bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan “Nəsimi” promo-roliki təqdim olunub və eyni zamanda Emin Əliyev sinxron olaraq həm quruluşçusu, həm də ifaçısı olduğu balet- kompozisiyanı canlı olaraq bir daha nümayiş etdirib.

“Bu Milli Mükafat təkcə mənim əməyimə verilən qiymət deyil, eyni zamanda çalışdığım Akademik Musiqili Teatrın uğurudur, kollektiv zəhmətin nəticəsidir. Mərasim təşkilatçıları ilə yanaşı, balet kompozisiyanın ərsəyə gəlməsində rolu olan bu layihənin rəhbəri – Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə, quruluşçu rejissoru Samir Qulamova, operator və montajçısı Hikmət Şahverdizadəyə də dərin təşəkkürümü bildirirəm”, – deyə Emin Əliyev çıxışında vurğulayıb.



Qeyd edək ki, Emin Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur.
1996-ci ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Xalq artistimiz Polad Bülbüloğlunun "Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb və bu obrazla Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında və Rusiyanın Böyük Teatrında, Sank Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin “Anadolu Atəşi" və 2017-ci ildə “Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib. Dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. 2008-ci ildə ölkə başçısının sərəncamı ilə “Əməkdar artist” Fəxri adına layıq görülüb. 2012-cu ildən istedadlı rəqqas və xeroqraf kimi Rusiyanın bir çox şəhərlərində müxtəlif mədəni tədbirlər və festivallar çərçivəsində quruluş verdiyi balet kompozisiyalarını uğurla nümayiş etdirib, həm ölkəmizin, həm də dünyanın müxtəlif şəhərlərində ustad dərsləri verib. Xoreqrafıya Akademiyasının 90 illik yubileyi ilə əlaqədar mayestro Niyazinin “Rast” simfonik muğamı və "Kitabi Dədə Qorqud" dastanının motivləri əsasında "Dəryadan damla" balet-tamaşasına quruluş verib. Bu ilin iyul ayında Türkiyənin Bayburt şəhərində keçirilən ənənəvi "Dədə Qorqud" festivalında uğurla çıxış edib.

O, hazırda 110-cu mövsümünü yaşayan Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bu mövsümün ilk premyerası olan "Paris Notr-Dama ithaf" (V. Hüqo", rej. S.Qulamov) tamaşasında solist kimi iştirak edir.

Azvision.az



Teqlər: Artist  





Xəbər lenti