Almatıdakı təyyarə qəzasının ilkin səbəbləri bilindi

  27 Dekabr 2019    Oxunub : 2094
Almatıdakı təyyarə qəzasının ilkin səbəbləri bilindi
Qazaxıstanın Almatı şəhəri yaxınlığında qəzaya uğrayan “Bek Air”ə məxsus təyyarənin quyruq hissəsi havaya qalxma ərəfəsində iki dəfə uçuş-enmə zolağına toxunub.

Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Roman Sklyar bildirib.
Onun sözlərinə görə, pilotların səhvləri və texniki nasazlıq da təyyarə qəzasının ilkin səbəbləri hesab olunur.

“Təyyarənin quyruq hissəsi uçuş ərəfəsində iki dəfə uçuş-enmə zolağına toxunub. Bu, ya pilot səhvidir, ya da texniki bir səbəbdir. Qəzanın səbəbi Beynəlxalq Aviasiya Komitəsinin iştirakı ilə xüsusi texniki ekspertiza tərəfindən müəyyən ediləcək”, - deyə Sklyar bildirib.

O deyib ki, təyyarənin komandiri qəza zamanı ölüb, pilot ağır xəsarət alıb və hazırda xəstəxanadadır.

Qeyd edək ki, Dövlətlərarası Aviasiya Komitəsi nümayəndələri qəzanın araşdırılmasına kömək edəcəklər. Mülki aviasiya sahəsindəki beynəlxalq qanunvericiliyə uyğun olaraq, Niderlandın istehsalçı şirkətinin nümayəndələri də araşdırmada iştirak edəcəklər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qazaxıstan   Təyyarə   Qəza