YUNESKO Qarabağla bağlı sənəd qəbul etdi

YUNESKO Qarabağla bağlı sənəd qəbul etdi
  19 Dekabr 2013    Oxunub:965
Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin səkkizinci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında sənəd qəbul edilib.

Xİn-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin Komitə tərəfindən müzakirə edilməsi 2012-ci ildə ölkəmiz tərəfindən təşəbbüs edilib və 2012-ci ilin qərarına əsasən Katiblik tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına aid müvafiq sənədin hazırlanması tələb edilib.

Katiblik tərəfindən hazırlanan bu ilki sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqda 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, həmin müddəaların həyata keçirilməsi mexanizmləri və ölkəmizin maraqlarına uyğun olan digər aspektlər öz əksini tapıblar.

Sənədin nəticələr hissəsində işğal edilmiş ərazilərdə mədəni abidələrin qorunması ilə bağlı vəziyyətin monitorinq edilməsi məqsədilə YUNESKO texniki missiyaların göndərilməsinin mümkünlüyü qeyd edilib.

Sənəddə, həmçinin YUNESKO-nun Baş direktoru tərəfindən BMT-nin Təhlükəsizlik Şurası (TŞ) və Baş Assambleyasında (BA) qəbul ediləcək qətnamələrdə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin diqqətə çatdırılması əksini tapıb.

Ermənistanın işğal edilmiş ərazilərə müşahidə missiyalarının göndərilməsi və işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin BMT TŞ və BA-ya çıxarılmasına etiraz etdiyinə baxmayaraq, sənədin qəbul edilməsinin qarşısını ala bilməyib. Komitənin əksər üzvləri Azərbaycanın maraqlarına uyğun olan müddəaların sənəddə saxlanılmasını dəstəkləyiblər.

Mirvari


Teqlər:  





Xəbər lenti