Azərbaycan dünya mətbuatında

 Azərbaycan dünya mətbuatında
  19 Dekabr 2013    Oxunub:1086
Yazılarda «Şahdəniz-2» layihəsinin yekun investisiya qərarının imzalanması və ölkəmizdəki tolerantlıqdan bəhs edilir
Britaniyanın nüfuzlu «The Telegraph» qəzetində «Şahdəniz-2» layihəsi üzrə yekun investisiya qərarının imzalanması barədə məqalə dərc edilib. Yazıda oxuculara layihə barədə geniş məlumat verilir. «Şahdəniz-2» layihəsinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı xüsusi vurğulanır.

Böyük Britaniyanın dövlət saytında da«Şahdəniz-2» layihəsinin yekun investisiya qərarının imzalanması barədə məlumat yerləşdirilib. Yazıda layihənin Avropanın enerji təchizatı və təhlükəsizliyində böyük rol oynadığı, eləcə də Britaniya-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb. Qeyd olunur ki, Avropa üçün mühüm hadisə olan bu layihə Avropanın enerji təhlükəsizliyi və rəqabətliliyinin təmini üçün yeni bir mənbədir.

Amerikada çıxan nüfuzlu «The Wall Street» jurnalı isə «Statoil Azərbaycan iqtisadiyyatına sərmayə qoyur və layihədə öz payını satır» sərlövhəli məqalə dərc edib. Məqalədə qeyd edilir ki, Statoil şirkəti Şahdəniz konsorsiumunda öz payının 10 faizini, Cənubi Qafqaz qaz kəməri layihəsindəki payını isə 1,45 milyard dollara Dövlət Neft Şirkəti və BP şirkətlərinə satacaq.

ABŞ-da dərc olunan nüfuzlu «Foreign Affairs» jurnalında isə «Ukraynadan sonra qaz siyasəti: Azərbaycan, “Şahdəniz” və Avropanın yeni enerji tərəfdaşı» sərlövhəli yazı yer alıb. Müəllifi tanınmış politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Brenda Şeffer olan məqalədə bildirilir ki, layihə Avropa ölkələri rəhbərliyinin qaz təchizatı infrastrukturunun və təhlükəsiz qaz bazarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirməyə sövq edəcək. Layihə sazişinin Birləşmiş Ştatlar üçün əhəmiyyətini vurğulayan ekspert Vaşinqtonu layihəyə dəstəyini davam etdirməyə çağırıb.

Qazaxıstanın rəsmi dövlət agentliyi Kazin-formun saytında da «Şahdəniz-2» layihəsinin yekun investisiya qərarının imzalanmasından bəhs edən yazı yerləşdirilib. «Azərbaycan əsrin yeni müqaviləsini imzaladı» başlıqlı məqalədə, prezident İlham Əliyevin «Şahdəniz-2» layihəsinin yekun investisiya qərarının imzalanması mərasimindəki fikirlərinə yer ayrılıb. «Şahdəniz» XXI əsrin müqaviləsi olacaq, deyən dövlət başçısı qeyd edib ki, biz buna ulu öndər Heydər Əliyevin müdriklik və uzaqgörənliyi sayəsində nail olmuşuq. Yazıda, həmçinin layihənin dəyəri barədə məlumat verilib.

Parisdə fotoqraf Reza Deqatinin ölkəmizdə tolerantlıqdan bəhs edən «Azərbaycan-tolerantlıq məkanı» fotosərgisi Fransa mətbuatında böyük əks-səda doğurub. «Grands reportages» jurnalında dərc edilən «Reza-Tolerantlığa ehtiram» sərlövhəli məqalədə fotolarda ölkəmizdə mədəni müxtəlifliyin mövcudluğunun qabarıq şəkildə iştirakçılara çatdırıldığı vurğulanır. Yazıda deyilir ki, müxtəlif dil və dinlərə baxmayaraq, Azərbaycanda hər kəs bir-birinə hörmətlə yanaşır və inam bəsləyir.

«Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət ölkənin beynəlxalq məkanda real güc kimi qəbulu və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə işarədir. Nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyinin güclənməsi onun region və Avropa üçün sabitliyin təminatçısına, Şərqlə Qərb arasında etibarlı körpüyə çevrildiyini təsdiq edir». Bu fikirlər isə Gürcüstanın «Sakartvelos Respublika» qəzetində «Azərbaycan region və Avropa üçün sabitliyə təminat verən ölkəyə çevrilib» sərlövhəli məqalədə yer alıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədəki əsaslı dəyişikliklər, Prezident İlham Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinin dərinləşdirilməsi istiqamətində atdığı mühüm addımlar da məqalədə əksini tapıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti