MKM-ın “uzun siyahı”sı dəyişmədi

MKM-ın “uzun siyahı”sı dəyişmədi
  13 Mart 2013    Oxunub:1461
“Bizim müəyyənləşdirdiyimiz 20-lik ən obyektiv, ən səviyyəlidir”
Bu gün Milli Kitab Mükafatının (MKM) açıq Apellyasiya Şurası keçirildi. MKM-in açıqladığı “uzun siyahı” ilə razılaşmayan bəzi müəlliflər mətbuatda çıxış edərək bildirmişdilər ki, onların əsərləri oxunmayıb. Bununla bağlı MKM apellyasiya təyin etdi və eksperlər şurası ilə birgə şikayətlərə baxıldı.

Apellyasiyanın necə keçməsi ilə bağlı AzVision.az-a açıqlama verən ekspert Yaşar iyirmilikdə heç nəyin dəyişmədiyini bildirib.

“Bu gün Apellyasiya oldu. Eksperlər Şurası bu qərara gəldi ki, bizim müəyyən elədiyimiz 20-lik ən obyektiv iyirmilikdir. Şikayətciləri də biz dinlədik, öz mövqeyimizi də səsləndirdik. İndi təbii ki, heç kim öz ayranına turş deməz. Orada favoritlər var idi ki, onlar daha çox səs salmışdılar, onlar ümumiyyətlə gəlməmişdilər. Ancaq gələnlərin də arqumenti çox zəif oldu. Onlara izah olundu ki, məsələ nədir”.

Ekspert qeyd edib ki, “uzun siyahı” da heç nə dəyişməyib: “Biz müəyyənləşdirdiyimiz 20-lik ən obyektiv, ən səviyyəlidir. Elə bu cür də apellyasiyanı yekunlaşdırdıq. Köhnə 20-lik də öz qüvvəsində qaldı”.

MKM-ın təsisçisi Nigar Köçərli isə Apellyasiya ilə bağlı danışmaq istəmədi. O bildirib ki, sabah bununla bağlı bəyanat yayılacaq.

Qeyd edək ki, martın 1-də MKM-ın “uzun siyahı”sı açıqlandı. Gənc müəlliflər Cavid Zeynallı və Fərid Hüseyn nəticəyə etiraz etdilər.

Sevinc İLTİFATQIZI




Teqlər:  





Xəbər lenti