Fransa mətbuatı “Şahdəniz-2”dən yazdı
Fransanın nüfuzlu “Le Fiqaro” qəzetinin 19 dekabr tarixli nömrəsində dərc olunan “BP Azərbaycana 28 milyard ABŞ dolları investisiya qoymuşdur” adlı məqalədə “Şahdəniz-2” layihəsi ilə bağlı imzalanmış yekun investisiya qərarından və Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynamasından bəhs olunur.
“Şahdəniz-2” layihəsinin XXI əsrin ən mühüm beynəlxalq layihələrindən biri kimi dəyərləndirildiyi məqalədə Bakıda bp ilə “Şahdəniz” konsorsiumu tərəfdaşları arasında bağlanan müqavilənin Avropanın enerji xəritəsini dəyişdirəcəyi diqqətə çatdırılır.
Böyük Britaniya neft qrupunun, Fransanın Total və digər xarici şirkətlərin karbohidrogen ehtiyatlarına malik olan “Şahdəniz-2” yatağının istismarı ilə əlaqədar yaratdıqları ittifaq haqqında məlumat verilən məqalədə bp və ARDNŞ-in Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin əsas investorları və operatorları olacağı vurğulanır. Eyni zamanda 3500 kilometr uzunluğunda olan boru kəməri vasitəsilə Azərbaycan qazının Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə İtaliyanın cənub hissəsinə çatdırılacağı qeyd olunur.
Məqalədə “Şahdəniz-2” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanmasının Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcəyi diqqətə çatdırılır, vaxtilə Brüsseldə irəli sürülən Nabucco-nun özünü doğrultmadığı və layihə şəklində yalnız kağız üzərində qaldığı bildirilir.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin “Şahdəniz-2” layihəsi ilə Azərbaycan qazı Avropaya yol açacaq” fikrinə istinad edilən məqalədə gələcəkdə hər il 10 milyard kubmetr qazın Avropaya, 6 milyard kubmetrinin isə Türkiyəyə nəql olunacağı qeyd olunur.
Məqalədə, həmçinin ölkəmizin iqtisadi və digər sahələrdə Avropanın əsas strateji tərəfdaşı olduğu xatırlanır, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığı vurğulanır.(AzerTAc)
Teqlər: