Avstraliyadakı yanğınlar planetimiz üçün böyük təhlükədir

  07 Yanvar 2020    Oxunub : 1541
Avstraliyadakı yanğınlar planetimiz üçün böyük təhlükədir
Avstraliyada baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində milyonlarla canlının həyatını itirməsi ekosistemin kəskin şəkildə pozulmasına gətirib çıxarıb.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yüz milyonlarla fauna və flora nümunəsinin məhvinə gətirib çıxaran həmin yanğın, təkcə bir ərazi üçün deyil, planetimiz üçün böyük təhlükədir: “Ümid edirik ki, tez bir zamanda yanğının qarşısı alınacaq”.

Nazirliyin rəsmisi xatırladıb ki, son illər dünyada baş verən meşə yanğınları insan tələfatı, minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnib. R.Səttarzadə qeyd edib ki, qlobal iqlim dəyişmələri və antropogen fəaliyyətin güclənməsi nəticəsində meşələr, flora və fauna nümunələri bir anda məhv olur.

O bildirib ki, Azərbaycan da digər dövlətlər kimi meşə yanğınlarından sığortalanmayıb: “İndiyədək meşə sahələrində baş vermiş yanğın hadisələrinin araşdırılması göstərir ki, onların 98 faizi insan amilinin təsirindən baş verir. Buna görə də əhaliyə müraciət edirik ki, hər birimiz meşələrimizin, yaşıllıqların qədrini bilək, onsuz da az olan meşələrimizi belə fəlakətlərdən qoruyaq”.

Xatırladaq ki, Avstraliyada yanğınlar başlayandan bəri 7 milyon hektara yaxın ərazi yanıb, azı 24 nəfər ölüb, yüz milyonlarla heyvan tələf olub.

Azvision.az

Teqlər: ETSN   Avstraliya   Meşə   Yanğın